Tennisdə “Böyük Dəbilqə” turnirlərinin dəfələrlə qalibi olmuş Boris Bekker "Messe Esse"n sərgi mərkəzini ziyarət edib. Burada Azərbaycan komandasının da qatıldığı Universiadanın yarışları keçirilir.
İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, almaniyalı idman əfsanəsi karyerası boyu qarşılaşdığı çətinliklərdən və dünya idmanı ulduzlarının üzləşdiyi psixoloji təzyiqlərdən danışıb.
Bekkerin fikrincə, daha yaxşı olmaq üçün insan zəif cəhətləri üzərində işləməlidir: “Biz düyməyə basıldıqda işləyən kompüter deyilik – hər birimizin hissləri, ümidləri və şübhələri var.
Açıq şəkildə danışmaq çox vaxt vacib bir addım ola bilər. Əvvəllər zəiflik və qorxuların ifadəsi tabu sayılırdı. Bu gün isə zəiflikləri qəbul etmək getdikcə daha önəmli olur. Daha yaxşı olmaq üçün insan zəif cəhətləri üzərində işləməlidir”.
Möhtəşəm karyerası ərzində Bekker üçün məşqçi həm rəqib, həm də psixoterapevt rolunu oynayıb. 1985-ci ildə yeniyetmə yaşında "Uimbldon"da qalib gəldikdən sonra həyatının necə dəyişdiyini və bu dəyişikliyə uyğunlaşmaq üçün ona dəstək lazım olduğunu bildirib: “17 yaşında yoluna çıxacaq hər şeyə hazırlaşmaq mümkün deyil. Finalı bu qədər gənc yaşda qazanmasaydım, bəlkə də bu mənim zehnim, bədənim və ruhum üçün daha faydalı olardı. Bütün bu yara izlərində bir növ özüm günahkaram"
İndiki bütün təcrübəsi ilə Bekker həm gənc özünə, həm də Universiadada uğur qazanacaq tələbə idmançılara bir tövsiyə verərdi – fasilə etmək: “İdman karyerasında elə mərhələlər olur ki, imkanlarının son həddinə çatırsan və sonra nə edəcəyini bilmirsən. O an '"dayan" düyməsini basmaq və dərin bir nəfəs almaq vacibdir. Gənc yaşlarında ard-arda qələbələr qazananda ən böyük problem bu səviyyəni uzun müddət qoruyub saxlamaqdır.
Bəzən elə məğlubiyyətlər olur ki, qəbul etməli olursan – rəqib səndən daha yaxşı idi. Bu çətindir, çünki xüsusilə iyirmi yaşlarında insan özünü mükəmməl hesab edir. Amma bu belə deyil. Bunu nə qədər tez qəbul etsən, bir o qədər güclü olursan.”
Hazırda ekspert, teleşərhçi və tennis analitiki kimi fəaliyyət göstərən Bekker karyerası ərzində ümumilikdə “Böyük Dəbilqə”nin altı turnirinin, o cümlədən "Uimbldon"un üçqat qalibi olub. 1999-cu ildə peşəkar karyerasını başa vurduqdan sonra Novak Cokoviç (Serbiya), Holger Rune (Danimarka) və qısa müddətə Mişa Zverev (Almaniya) kimi aparıcı tennisçiləri çalışdırıb.
Bekkerə görə, idmançı karyerasından sonra da inkişafı davam etdirmək və özünü yenidən kəşf etməyə zaman ayırmaq vacibdir: “Əvvəllər səhnəm tennis kortu idi, indi isə televiziya. Əgər böyük tennis turnirini şərh edirəmsə, finalı da mütləq mən şərh edirəm. Bu, xoş hissdir.”
İdman insanları bir araya gətirir və Bekker üçün Ümumdünya Universitet Oyunlarının məqsədi də budur: “Burada 8 min idmançı var və hamı bir-birinə dostcasına yanaşır. Hansı Tanrıya inanmağımız, dərimizin rəngi, boyumuz, çəkimiz fərqli ola bilər – amma hamımız idmançıyıq və kortda əzmlə mübarizə aparırıq. Amma sonra da bir-birimizin əlini sıxırıq”.
İdman.biz