Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Dünya Universitet Oyunları elə startından bəri hadisələrlə zəngin keçməkdədir. Açılışın ertəsi Azərbaycan idmançıları artıq yarış rejiminə keçiblər və bu gün ilk medalı qazanmaq üçün real şanslar var.
İdman.biz-in Almaniyaya ezam olunan əməkdaşı xəbər verir ki, Essen şəhərində məskunlaşan komandalar üçün əsas yarış məkanı "Messe Essen" kompleksidir.
Səhər tezdən burada tekvondo, qılıncoynatma, stolüstü tennis və bədii gimnastika üzrə yarışlar keçirilir. Zallar həm idmançılar, həm də tamaşaçılar və jurnalistlər üçün olduqca əlverişlidir – onlar rahat şəkildə zaldan zala keçərək müxtəlif yarışları izləyə bilirlər. Məsələn, dünənki gün qadınlar arasında rapira və kişilər arasında sablya yarışları ilə başlayıb, daha sonra stolüstü tennislə davam edib və çoxnövçülük üzrə qrup hərəkətlərində komandaların çıxışları ilə başa çatıb.
Ləman Əlimuradova, Darya Sorokina, Güllü Ağalarzadə, Yelizaveta Luzan və Kamilla Əliyevadan ibarət komandamız xalça üzərinə sonuncudan əvvəl çıxaraq beş lentlə kompozisiyaya görə 24,150 xal toplayıb. Bu nəticə bizim qrupa Ukrayna, Yaponiya, Tayvan və Cənubi Koreya komandalarını geridə qoyaraq liderliyə yüksəlmək imkanı verib. Medalların taleyini isə üç top və iki halqa ilə icra ediləcək ikinci çıxış müəyyən edəcək.
Ümumilikdə Universiadanın təşkilatçılığı qənaətbəxş sayılır. Amma bundan əvvəl Çenqduda keçirilən Universiadanın iştirakçıları Çini nostalji hisslərlə xatırlayırlar – çünki ümumi rəyə görə, həmin multiidman forumu hətta Parisdə keçirilən Olimpiadanı da geridə qoymuşdu. Avropada təşkil olunan Universiadaların da özünəməxsus xüsusiyyətləri olur – məsələn, bir neçə il əvvəl Neapolda keçirilən yarışlarda idmançılar dəniz laynerində yaşayırdılar.
Tələbə Oyunlarında iştirak edənlərin dəqiq sayı isə hələ də məlum deyil. Təşkilatçılar rahatcasına bildirirlər ki, Universiada 150-dən çox ölkədən 9200-dən artıq iştirakçı toplayıb – bu, mütləq rekorddur. Amma bu açıqlamanın doğruluğu şübhə doğurur – çünki açılış mərasiminə cəmi 104 nümayəndə heyəti qatılmışdı. Qalan 46 ölkə ilə nə baş verdiyi hələlik müəmmalıdır və bununla bağlı əsaslandırılmış cavab gözləyirik.
Zəki Feyzullayev
İdman.biz