III MDB Oyunları: Daha bir ölkə iştirakını təsdiqləyib

Xəbərlər
15 İyul 2025 11:38
54
III MDB Oyunları: Daha bir ölkə iştirakını təsdiqləyib

Azərbaycanda keçiriləcək III MDB Oyunlarında iştirak edəcək nümayəndə heyətlərinin qeydiyyatı davam edir.

İdman.biz xəbər verir ki, artıq Türkmənistan da yarışa gələcəyini təsdiqləyib.

Onlar Oyunlara 170 idmançı sifariş ediblər. Bununla da ölkəmizdə keçiriləcək yarışa qatılacaq ölkələrin sayı 8-ə yüksəlib. Daha öncə ev sahibi Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan MDB Oyunlarında iştirakını təsdiqləyib. Bu komandalar 1840 idmançı və 2666 nümayəndə ilə təmsil olunacaq.

Qeyd edək ki, ilkin mərhələdə yalnız MDB ölkələrinin nümayəndə heyətləri qeydiyyatdan keçirilir. İkinci mərhələdə isə qeydiyyat MDB-yə üzv olmayan, Oyunlarda xüsusi dəvət əsasında iştirak edən ölkələrin nümayəndə heyətləri üçün aparılır. Ümumilikdə, Oyunlarda dünyanın 23 ölkəsindən 5500-ə yaxın iştirakçının qatılması gözlənilir.

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Yarış gənc idmançılar arasında dostluğun, birliyin və idman ruhunun təcəssümünə çevriləcək və regionun ən mötəbər idman tədbirlərindən biri olacaq.

İdman.biz