Görkəmli idman xadimi Mir-Əli Seyidovun xatirəsi anılıb - FOTO

28 Noyabr 2026 21:15
39
Görkəmli idman xadimi Mir-Əli Seyidovun xatirəsi anılıb

Noyabrın 28-də Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizin görkəmli idman xadimi, Əməkdar məşqçi, döyüş sənətləri ustası Mir-Əli Seyidovun xatirəsinə həsr olunmuş “Mir-Əli Seyidovun irsi gələcək nəsillər üçün qorunur” adlı tədbir keçirilib.

İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Mir-Əli Seyidovun həyat və fəaliyyətini əks etdirən tarixi materiallar Milli Azərbaycan Tarixi Muzeyinə təqdim olunub.

Əvvəlcə Mir-Əli Seyidovun həyat və fəaliyyətinə həsr olunmuş xatirə videoçarxı nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Karate Federasiyasının prezidenti, Milli Məclisin deputatı Ülvi Quliyev, federasiyanın Hüquq və İntizam Komissiyasının sədri Hidayət Şabanov, vitse-prezidenti Füzuli Musayev, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru İlham Abbasov, Bakı Slavyan Universitetinin Şərqi slavyan filologiyası kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Rafiq Novruzov, Əməkdar idman ustası Elşən İbişov, karate ustası Yaşar Bəşirov, Birinci Qarabağ müharibəsinin iştirakçısı, polkovnik-leytenant Miri Cəfərov və Krav Maqa Mərkəzinin direktoru, üçqat dünya çempionu Vidadi Hacıyev çıxış ediblər.

Qeyd olunub ki, ömrünü idmanın inkişafına və gənc nəslin yetişdirilməsinə həsr edən Mir-Əli Seyidov Azərbaycanda karate və ciu-citsunun formalaşmasında mühüm rol oynayıb. Karate üzrə 7-ci, ciu-citsu üzrə 8-ci dan sahibi olan görkəmli idman xadimi Azərbaycan Ciu-Citsu Federasiyasının təsisçisi və uzun illər prezidenti kimi ölkəmizdə bu idman növünün inkişafına mühüm töhfələr verib.

Sonra Mir-Əli Seyidovun müəllimi, keçmiş SSRİ-də karatenin əsasını qoyanlardan biri, Mərkəzi Karate Məktəbinin təsisçisi Aleksey Şturminin və onun yetirməsi Cahangir Şahmuradovun videomüraciəti nümayiş etdirilib.

Görkəmli idman xadiminin oğlu, ciu-citsu və karate üzrə 5-ci dan sahibi, beynəlxalq yarışların mükafatçısı, Mir-Əli Seyidov adına Döyüş Sənətləri Mərkəzinin təsisçisi Tehran Seyidov tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkürünü bildirib.

Sonda iştirakçılar Mir-Əli Seyidovun həyat və fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.

İdman.Biz