Könül Nurullayeva: “Gəncənin idman şəhəri kimi də nüfuzu artacaq”

Müsahibə
15 Aprel 2024 13:21
143
Könül Nurullayeva: “Gəncənin idman şəhəri kimi də nüfuzu artacaq”

“İkinci böyük şəhərimiz olan Gəncənin idman infrastrukturu regional və beynəlxalq miqyaslı idman tədbirlərinin keçirilməsinə imkan verir”.

Bunu İdman.bizə millət vəkili Könül Nurullayeva deyib.

O, Gəncə şəhərinin 2025-ci ildə Müstəqil Dövlətlər Birliyinin (MDB) idman paytaxtı elan edilməsinə münasibət bildirib. Nurullayevanın sözlərinə görə, Azərbaycan idman ölkəsi kimi bir çox mötəbər yarışlara yüksək səviyyəli ev sahibliyi təcrübəsinə malikdir: “Eyni zamanda, Gəncədə də müxtəlif idman tədbirləri keçirilib. Bir neçə il əvvəl 20 mindən çox tamaşaçının izlədiyi “V1 Challenge Gəncə” idman avtomobillərinin yarışını, həmçinin müxtəlif idman növləri üzrə regional miqyaslı yarışları xatırlayırıq. III MDB Oyunları isə şəhərin ev sahibliyi etdiyi, miqyasına görə ən böyük idman tədbiri olacaq. Prezident İlham Əliyevin bu günlərdə Gəncəyə səfəri zamanı yeni idman kompleksinin açılışı baş tutdu. 40 min kvadratmetrə yaxın olan ərazisi olan Gəncə İdman Sarayı bütövlükdə Qafqazda nadir idman kompleksi hesab olunur. Burada beynəlxalq standartlara uyğun basketbol, voleybol, həndbol, minifutbol və atletika oyunlarının keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, İdman Sarayındakı üzgüçülük hovuzu da Beynəlxalq Üzgüçülük Federasiyasının standartlarına cavab verir. Gəncə İdman Sarayının əhəmiyyətini artıran cəhətlərdən biri də burada müasir mehmanxananın yaradılmasıdır. Burada 160 idmançının qalması və istirahəti üçün hər cür imkan var”.

Millət vəkili bildirib ki, belə nəhəng idman qurğularının yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana marağının artırılması və idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır: “III MDB oyunlarına ev sahibliyi ərəfəsində bu unikal idman kompleksinin qurulması olduqca vacibdir. Dövlət başçımızın səfəri zamanı Gəncədə yeni stadionun da təməli qoyulub. 10 hektara yaxın əraziyə malik stadionun istifadəyə verilməsi həm yerli, həm də beynəlxalq yarışların keçirilməsinə hərtərəfli şərait yaradacaq. Qarşıdakı 1 ildə şəhərin idman infrastrukturunun daha da təkmilləşdirilməsi, eyni zamanda sınaq turnirlərinin təşkili üçün səmərəli istifadə olunacağına ümid edirəm”.

Onun sözlərinə görə, Gəncənin artıq idman şəhəri kimi də nüfuzu artacaq: “Bütövlükdə isə Gəncənin timsalında Azərbaycan mədəniyyətini, tarixini, ölkəmizin idman təcrübəsini təqdim etmək üçün fürsət yaranmış olacaq”.

Qeyd edək ki, Gəncə MDB Xarici İşlər Nazirləri Şurasının Minskdə keçirilən iclasında idman paytaxtı elan olunub.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: