İdmançılarımız Azərbaycanda və ölkədən kənarda seçkidə fəal iştirak ediblər - FOTO

Xəbərlər
7 Fevral 2024 22:12
260
İdmançılarımız Azərbaycanda və ölkədən kənarda seçkidə fəal iştirak ediblər - FOTO

Bu gün növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri keçirilib.

İdman.biz xəbər verir ki, seçkilərdə idmançılarımız da fəal iştirak ediblər.

Fransanın paytaxtı Parisdə beynəlxalq təlim-məşq toplanışında olan Azərbaycanın cüdo üzrə kişi və qadınlardan ibarət milli komandasının üzvləri, məşqçi və tibb heyəti də prezident seçkilərində fəal iştirak ediblər. Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində 33 idmançımız səsvermə prosesinə qatılıb və öz seçimlərini ediblər.

İlk dəfə səsverməyə qatılan Leyla Əliyeva əməkdaşımızla söhbətində bildirib ki, toplanış çərçivəsində bu imkandan yararlanıb: "Azərbaycan vətəndaşı kimi öz borcumuzu yerinə yetirdik. İnanırıq ki, ölkəmizi gələcəkdə daha böyük uğurlar gözləyir. Mən və milli komandamız əlimizdən gələni edəcəyik ki, Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edək".

Qazaxıstanın Almatı şəhərində təlim-məşq toplanışında iştirak edən stolüstü tennisçilərimiz də səsvermədə fəal iştirak ediblər. Seçmə komandamızın 5 üzvü səs verib.

Yığmanın stolüstü tennisçisi Xədicə Əbilzadə əməkdaşımızla söhbətində bildirib ki, vətəndən kənarda olsalar da vətəndaşlıq borclarını yerinə yetiriblər: "Bu gün Azərbaycan tarixinin ən mühim günlərindən biridir. Prezident seçkiləridir və biz də vətəndaşlıq borcumuzu yerinə yetirərək, seçkilərdə iştirak elədik. Qazaxıstanın Almatı şəhərində təlim-məşq toplanışındayıq. Bununla belə federasiya tərəfindən təşəbbüs irəli sürüldü. Baş məşqçimiz Fərhad İsmayılovla birlikdə komanda şəkilində səsverməyə qatıldıq və öz seçimimizi etdik".

Antalyada Türkiyə açıq çempionatına yollanan taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan millisinin məşqçilər korpusu və komanda nümayəndələri Azərbaycan Mədəniyyət və Dəstək Dərnəyində keçirilən növbədənkənar prezident seçkilərdə iştirak ediblər.

Parisə Millətlər Liqasının püşkatma mərasiminə yollanan AFFA rəsmiləri də səsvermə hüququndan istifadə ediblər.

Qeyd edək ki, gənc idmançıların bir çoxu ilk dəfə səs veriblər. Üzgüçülük üzrə İslam Həmrəyliyi Oyunlarının qalibi, Avropa çempionatının mükafatçısı Ramil Vəlizadə, bədii gimnastlar Zeynəb Hümmətova və Güllü Ağalarzadə, stolüstü tennisçilər Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Nihad Məmmədov, triatlonçu Milanə Xəlilova və digər idmançılarımız səsvermə hüququndan ilk dəfə istifadə edən minlərlə gənc arasında olublar.

İdman.biz