Bakı 2026-cı ildə qrapplinq, pankration və həvəskar MMA üzrə dünya çempionatlarına ev sahibliyi edəcək.
İdman.Biz xəbər verir ki, Dünya Güləş Birliyinin (UWW) təşkilatçılığı ilə keçiriləcək yarışlar noyabrın 23-dən 29-dək paytaxtımızda təşkil olunacaq. UWW bu idman növlərinin inkişafı və təbliği məqsədilə hər üç dünya çempionatını eyni məkanda keçirməyi planlaşdırır.
Qrapplinq üzrə dünya çempionatında U-15, U-17, U-20 və böyüklər yaş kateqoriyalarında idmançılar mübarizə aparacaqlar. Ötən il böyüklərin dünya çempionatı aşağı yaş qruplarının yarışından ayrıca təşkil olunub.
Pankration üzrə mundialda U-15 və U-17, həvəskar MMA üzrə dünya çempionatında isə U-20 və böyüklər kateqoriyalarında qaliblər müəyyənləşəcək.
Dünya çempionatları ərəfəsində UWW qrapplinq, pankration və həvəskar MMA hakimləri üçün seminar da təşkil edəcək.
Bakıdakı yarışlar UWW-nin bu il qrapplinq və həvəskar MMA üzrə keçirdiyi Avropa və Asiya çempionatlarından sonra mövsümün əsas turnirlərindən biri olacaq. Avropa çempionatı Ermənistanın İrəvan, Asiya çempionatı isə Vyetnamın Da Nang şəhərində keçirilib.
