Çempion cüdoçular Qış düşərgəsinin iştirakçıları ilə görüşüblər - FOTO

Xəbərlər
28 Dekabr 2025 17:00
43
Çempion cüdoçular Qış düşərgəsinin iştirakçıları ilə görüşüblər - FOTO

Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və tanınmış çempion cüdoçular Şabran rayonunda keçirilən yeddinci “Qardaşlaşmış Qarabağ Məktəbləri” Qış düşərgəsinin iştirakçıları ilə görüşüblər.

İdman.Biz xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov, Olimpiya çempionu Hidayət Heydərov, Avropa çempionları Rüstəm Orucov və Orxan Səfərov, eləcə də digər rəsmi nümayəndələr iştirak ediblər.

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi, Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi və Fransanın Nant şəhərində fəaliyyət göstərən “Həftəsonu Qarabağ Məktəbi”nin birgə təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə çempionlar düşərgə iştirakçıları ilə səmimi söhbət aparıb, öz həyat və idman yollarına dair təcrübələrini bölüşüb və onları məqsədyönlü, əzmkar olmağa çağırıblar.

Görüş çərçivəsində düşərgə iştirakçısı olan yeniyetmə cüdoçu, Vətən Müharibəsi Qəhrəmanı, şəhid XTQ baş giziri Mehrab Niftəliyevin qızı, ölkə birinciliyinin mükafatçısı Ləman Niftəliyevaya çempion cüdoçular tərəfindən cüdoqi hədiyyə olunub.

Sonda görüşün təşəbbüskarı olan “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərov tərəfindən bütün düşərgə iştirakçılarına xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, “Shabran Wellbeing Resort” İstirahət və Sağlamlıq Mərkəzində keçirilən düşərgə ərzində müxtəlif maarifləndirici təlimlər, intellektual oyunlar, mədəni və idman tədbirləri təşkil olunur. Düşərgənin ikinci mərhələsinin 2026-cı ilin yay aylarında Fransada keçirilməsi planlaşdırılır.

İdman.Biz