2025-ci ildə süni intellekt idman nailiyyətlərinin təhlili üçün daha bir alətə çevrilib.
Bunu nəzərə alaraq, İdman.Biz neyroşəbəkələrin köməyi ilə ilin yekunlarına əsasən Azərbaycanın ən yaxşı idmançılarını müəyyənləşdirməyə çalışıb.
Beş aparıcı süni intellekt (Sİ) modelinin son versiyaları beynəlxalq turnirlərin, dünya və Avropa çempionatlarının rəsmi nəticələri, eləcə də internetdə dərc olunmuş statistik məlumatlar əsasında Azərbaycanın ən yaxşı idmançılarından ibarət öz “top-5” siyahılarını tərtib ediblər.
Maraqlıdır ki, nadir istisnalarla Sİ modellərinin əksəriyyəti siyahıların liderlərini seçərkən oxşar mövqe nümayiş etdiriblər. Xüsusilə Çin neyroşəbəkəsi diqqət çəkib. Belə ki, o, “top-5” siyahısına qadın idmançını daxil edən yeganə model olub.
“OpenAI” şirkətinin “ChatGPT”si – dünyanın ən populyar Sİ modeli:
1. Ülvü Qənizadə (72 kq) - yunan-Roma güləşi üzrə dünya çempionu, Avropa çempionatının gümüş mükafatçısı;
2. Həsrət Cəfərov (67 kq) – yunan-Roma güləşi üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu;
3. Sübhan Məmmədov (48 kq) – IBA versiyası üzrə boks üzrə dünya çempionu;
4. Eldəniz Əzizli (55 kq) – yunan-Roma güləşi üzrə dünya və Avropa çempionatlarının bürünc mükafatçısı;
5. Murad Əhmədiyev (97 kq) – yunan-Roma güləşi üzrə dünya çempionatının bürünc mükafatçısı.
“Google”un “Gemini” modeli (idmançıların nəticələri ilə yanaşı Gənclər və İdman Nazirliyinin reytinqi də nəzərə alınıb):
1. Həsrət Cəfərov;
2. Giorgi Meşvildişvili (125 kq) – sərbəst güləş üzrə dünya çempionatının gümüş mükafatçısı, Avropa çempionu;
3. Zelim Kotsoyev (100 kq) – Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı;
4. Ülvü Qənizadə;
5. Elcan Hacıyev (90 kq) – cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı və ilin ən çox inkişaf edən idmançılarından biri.
“Anthropic” şirkətinin “Claude” modeli – proqramlaşdırma sahəsində aparıcı neyroşəbəkələrdən biri:
1. Ülvü Qənizadə;
2. Nihat Məmmədli (60 kq) – yunan-Roma güləşi üzrə Avropa çempionu, Budapeştdə keçirilən reytinq turnirinin qalibi;
3. Həsrət Cəfərov;
4 Qurban Qurbanov (82 kq) – yunan-Roma güləşi üzrə Avropa çempionu;
5. Zelim Tçkayev (81 kq) – cüdo üzrə dünya çempionatının bürünc mükafatçısı.
İlon Maskın “xAI” şirkətinin “Grok” modeli:
1. Ülvü Qənizadə;
2. Nihat Məmmədli;
3. Osman Nurməmmədov (92 kq) – sərbəst güləş üzrə dünya çempionatının bürünc, Avropa çempionatının gümüş mükafatçısı;
4. Murad Əhmədiyev;
5. İslam Bazarqanov (57 kq) – İslam Həmrəyliyi Oyunlarının gümüş, Avropa çempionatının bürünc mükafatçısı.
Səs-küyə səbəb olan Çin neyroşəbəkəsi “Deepseek”:
1. Sübhan Məmmədov;
2. Ülvü Qənizadə;
3. Gülər Hüseynova (46 kq) – boks üzrə Avropa çempionu, III MDB Oyunlarının qalibi;
4. Qardaş Rəhimov (46 kq) – boks üzrə U-17 Avropa çempionu, III MDB Oyunlarının qalibi;
5. Həsrət Cəfərov.
Qeyd edək ki, yuxarıda sadalanan bəzi Sİ modelləri öz reytinqlərinə dair şərhlərdə bu il Bakıda keçirilən dünya çempionatının qalibi olmuş Azərbaycan minifutbol millisinin də adını xüsusi vurğulayıblar.
