Fərid Qayıbov: “Bizi ilin nəticələrini təhlil etmək, daha məsuliyyətli Olimpiya ilinə hazırlıq gözləyir”

Xəbərlər
6 Dekabr 2023 10:24
188
Fərid Qayıbov: “Bizi ilin nəticələrini təhlil etmək, daha məsuliyyətli Olimpiya ilinə hazırlıq gözləyir”

“Əvvəlki aylar kimi noyabr da qitə və dünya miqyaslı yarışlarda dəfələrlə Azərbaycan bayrağının yüksəlməsi, himnimizin səslənməsi ilə müşayiət olundu”.

İdman.biz xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov noyabr ayını dəyərləndirərkən deyib.

O, “Nazirin Nöqteyi-Nəzəri”də bildirib ki, qazanılan qələbələr hər birimizi sevindirir: “Fransada cüdoçularımız Hidayət Heydərov və Zelim Kotsoyevin Avropa zirvəsinə yüksəlməsi, himnimizi səsləndirmələri, ardınca Böyük Britaniyada batut gimnastikası və tamblinq üzrə dünya çempionatında milli komandamızın tarixində ilk dəfə qızıl medal qazanması, komandanın üzvü Mixail Malkinin həmçinin fərdi yarışlarda da bu uğuru təkrarlaması hər birimizi sevindirdi. İtaliyada 18 yaşlı şahmatçımız Ayan Allahverdiyevanın dünya çempionluğunu, qadın şahmatçılardan ibarət Azərbaycan yığma komandasının şahmat üzrə Avropa çempionatının gümüş medalını qazanmasını da ayın uğurları sırasında xüsusi qeyd etmək olar. Minifutbol üzrə dünya çempionatında Azərbaycan millisinin yarımfinaladək yüksəlməsi də böyük uğurdur”.

Qayıbovun sözlərinə görə, ay ərzində idmançılarımız bir çox ilklərə nail olublar və etimadı doğruldaraq uğurlu çıxış ediblər: “Noyabrda idmançılarımız Qazaxıstanın Türkistan vilayətində keçirilən ll Türk Dövlətləri Universiadasından Vətənə 26 medalla qayıtdılar. Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzi əsaslı təmirdən sonra istifadəyə verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də burada yaradılan şəraitlə tanış oldu. Qeyd edim ki, cüdoçuların əsas məşq bazasına çevriləcək mərkəzdə məhsuldar fəaliyyət üçün hər bir şərait yaradılıb. Azərbaycan bir çox beynəlxalq tədbirlərin də məkanı oldu. Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Bakıda Milli Atçılıq Festivalı təşkil edildi. Milli atlarımızın tanıdılması və atçılıq idman oyunlarının təbliği baxımından festivalın mühüm rolu var. Festival çərçivəsində çövkən oyunu üzrə dünya çempionatı da yüksək səviyyədə keçirildi. Daha bir dünya çempionatı güləş üzrə hərbçilər arasında keçirildi. Həmişə olduğu kimi bu dəfə də idmançılarımız bizi sevindirdilər. Fikrimcə, hər iki çempionat yüksək səviyyədə keçirildi və buna görə təşkilatçılıqda rolu olan hər kəsə, xüsusən də federasiyalara təşəkkür edirəm. MMA idman növünün Yaponiya versiyası olan Rizin döyüşləri ilk dəfə bu ölkədən kənarda, məhz Azərbaycanda keçirildi. Tamaşaçılarla tam dolmuş Milli Gimnastika Arenasında möhtəşəm ab-havada keçən MMA üzrə beynəlxalq Rizin turniri yüksək səviyyədə təşkil olunmuşdu. Tamaşaçılar burada maraqlı bir şou izləməklə yanaşı, Azərbaycan idmançılarının döyüşlərinə də böyük coşqu ilə tamaşa etdilər”.

Nazir noyabrda həmçinin Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qol U-15” II beynəlxalq futbol turnirini AFFA ilə birgə təşkilinə də toxunub: “Yarışın təşkilində əsas məqsəd 15 yaşlı futbolçularımızın daha çox təcrübə qazanmasına və inkişafına nail olmaqdır. Bu il ərzində iki dəfə təşkil etdiyimiz yarışların birincisində Qırğızıstan, ikincisində isə Belarus idmançıları qalib gəldilər. Ümidvaram ki, belə turnirlərin sayını artıracağıq və bizim klublar da bu yarışda qalib olacaqlar. İsmayıllı rayonunun Basqal qəsəbəsində Türk Dövlətləri Təşkilatı gənclər və idman nazirlərinin yeddinci iclasını keçirdik. İclasda ortaq türk gənclər və idman gündəliyinə sadiqlik bəyan edildi, bu istiqamətdə görülən işlərin əhəmiyyəti vurğulandı. Görüşdə bir sıra vacib qərarlar qəbul olundu. Həmçinin Lənkəran şəhərinin “2024-cü il Türk Dünyasının Gənclər Paytaxtı”na namizəd kimi irəli sürülməsi ilə bağlı təklif də razılaşdırıldı. Sevindirici haldır ki, TDT gənclər və idman nazirlərinin yeddinci iclası ilə eyni ərəfədə Şamaxıda keçirilən türkdilli dövlətlərin beynəlxalq badminton turniri də ilk yarış olaraq tarixə düşdü”.

Qayıbov Azərbaycan Badminton Federasiyasını ikinci dəfə “Fair play” mükafatına layiq görülməsi münasibətilə təbrik edib: “Bakı daha bir Avropa Ədalətli Oyunlar Hərəkatının Konqresinə və Avropa Ədalətli Oyunlar Hərəkatının mükafatlarının təqdimetmə mərasiminə də ev sahibliyi etdi. Azərbaycan Badminton Federasiyasını ikinci dəfə “Fair play” mükafatına layiq görülməsi münasibətilə təbrik edirəm. İlin əvvəlindən start verdiyimiz “Üzməyi öyrənək” layihəsinin lll mərhələsi də noyabrın sonunda başa çatdı. 15 şəhərdəki Olimpiya İdman Kompleksində yüzlərlə məktəblinin üzməyi öyrənməsində mühüm rol oynayan bu layihəni gələn il də davam etdirməyi düşünürük. Bölgələrdən söz düşmüşkən, daha bir “Sağlam məhəllə” idman zonasını Ağstafa rayonunda istifadəyə verdik. Ölkə üzrə sayca yeddinci olan idman zonasında əhalinin, xüsusən də uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün gözəl şərait yaradılıb”.

O bildirib ki, ilk dəfə ötən il Şəkidə keçirilmiş "İdman festivalı"nı bu il Quba şəhərində təşkil edilib: “Müxtəlif idman növlərini təmsil edən 13-15 yaşlı idmançılar üçün 5 gün ərzində əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olundu. Festivalın qonağı qismində yeniyetmə idmançılarla tonqal ətrafında söhbət edib onların fikirlərini dinlədim. Bu dəfə festivala Türkiyə və Keniya idmançıları da qoşuldular. Bundan başqa, festival çərçivəsində Quba şəhərində təşkil edilən vətənpərvərlik tədbirləri, müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar və konsert proqramı sakinlər tərəfindən böyük maraqla izlənildi. Növbəti ildən festivalın iştirakçı coğrafiyasını daha da genişləndirməyi düşünürük. Kütləvi yarışlar da yetərincə geniş əhali təbəqəsini əhatə etdi. Azərbaycan xalqının həmrəyliyini bir daha nümayiş etdirmək məqsədilə keçirilən üçüncü “Qələbə qaçışı” adlı xeyriyyə tədbirinə qoşulan iştirakçıların sayının hər il daha da çoxalması bu ənənəvi qaçışa marağın da ilbəil artmasının göstəricisidir. Həmçinin İsmayıllıda "Heydər Əliyev İli"nə həsr olunmuş "Gəlin birlikdə qaçaq" şüarı ilə kütləvi qaçış yarışı, Bakıda həvəskarlar arasında “Qürurla irəli” şüarı ilə təşkil edilən “Unutma, Yaşat!” minifutbol turniri də böyük maraqla müşayiət olundu. Ulu Öndər Heydər Əliyevin və Azərbaycan atletikasının 100 illik yubileyinə həsr edilmiş 100 km məsafəyə ultramarafon yarışı isə ölkəmizdə ilk dəfə təşkil olundu. Yeri gəlmişkən, yubiley günlərində federasiyanın yeni ofisi və Əmircan qəsəbəsində atletikanın atma növləri üzrə məşq bazasının açılışında iştirak etdik. Bu mərkəzdə atletikanın çəkic atma, nizə atma, lövhə atma, nüvə itələmə, uzunluğa tullanma sektorları və qaçış cığırları mövcuddur. İnanıram ki, bu baza yeni atletlərin yetişməsində öz töhfəsini verəcək. Fürsətdən istifadə edərək bütün atletika ailəsinin üzvlərini Azərbaycan atletikasının 100 illiyi münasibətilə təbrik edirəm”.

Nazir Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinə də bu günlərdə start verildiyini də deyib: “İlk turnirdə olduğu kimi bu dəfə də dövlət qurumları böyük maraq göstərirlər. Yarışda təmsil olunan 52 dövlət qurumunun hamısına təşəkkür edir və hər birinə uğurlar arzulayıram. Nizami Kino Mərkəzində futbol veteranı və məşqçi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” idman filminin premyerasında iştirak etdim. Filmdə Qurban Qurbanovun XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və məşqçilik fəaliyyəti əks olunub. Hazırda bütün kinoteatrlarda nümayişi davam edən filmin təkcə idman həvəskarları üçün deyil, hər kəs üçün maraqlı olacağını düşünürəm. İdman sahəsində bioqrafik janrda ilk bədii filminə baxmağı hər kəsə tövsiyə edirəm. Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə 11-ci görüşümüz Şəkidə oldu. Ənənə üzrə son iki ay ərzində qazanılmış idman uğurlarını və gələcək planları birgə müzakirə etdik”.

Qayıbov qeyd edib ki, qələbələrlə zəngin daha bir il başa çatmaqdadır: “Qarşıdakı günlərdə bizi 2023-ün nəticələrini təhlil etmək, daha məsuliyyətli Olimpiya ilinə hazırlıq gözləyir. Düşünürəm ki, il ərzində həm gənclər, həm də idman sahəsində yetərincə uğurlar oldu. Gənclərimizə, idmançılarımıza, idman ictimaiyyətinə, federasiyalara, ümumiyyətlə, bizimlə əməkdaşlıq edən hər kəsə təşəkkür edirəm. Daha böyük uğurlara nail olmaq üçün isə hamını bundan sonra da #birkimibirlikdə qalmağa çağırıram”.

İdman.biz