Olimpiadanın açılışı iki stadionda olacaq - İLK DƏFƏ

Xəbərlər
9 May 2025 13:04
62
Olimpiadanın açılışı iki stadionda olacaq - İLK DƏFƏ

2028-ci il Olimpiadasına ev sahibliyi edəcək Los-Anceles Olimpiya Oyunları açılış mərasiminin iki stadionda keçiriləcəyi ilk şəhər olacaq.

İdman.biz xəbər verir ki, LA28 təşkilatçıları tədbirin 2028-ci il iyulun 14-də "Los Angeles Memorial Coliseum" və "SoFi" stadionunda baş tutacağını təsdiqləyiblər.

1932 və 1984-cü il Olimpiadalarında da istifadə edilən "Kolizey"də həmçinin iyulun 30-da bağlanış mərasimi təşkil ediləcək. Bu arena üç Olimpiya Oyunlarında tədbirlərin keçirildiyi ilk məkan kimi tarixə düşəcək.

Paralimpiya Oyunlarının açılış mərasimi isə avqustun 15-də Amerika futbolu üzrə "Los Angeles Rams" və "Los Angeles Chargers" komandalarına ev sahibliyi edən "SoFi" stadionunda, bağlanışı isə avqustun 27-də "Kolizey"də olacaq.

Açılış mərasiminin təfərrüatları, o cümlədən hər iki stadionun necə istifadə ediləcəyi hələlik açıqlanmayıb.

Amerika futbolu üzrə tələbələr komandası "USC Trojans"ın məşqlərini keçirdiyi "Kolizey"də Olimpiadanın ilk həftəsində atletika yarışları olacaq.

Olimpiya Oyunlarının ikinci həftəsində "SoFi" stadionunda isə üzgüçülük yarışları keçiriləcək.

Olimpiya Oyunlarında çoxdan olmayan bir sıra idman növləri, o cümlədən kriket, lakross və skvoş LA28 proqramına daxil edilib, bayraq futbolu isə debüt edəcək.

İdman.biz