Paris-2024: Qafqazda 1 nömrə - TƏHLİL

Təhlil
26 Yanvar 2024 11:42
Paris-2024: Qafqazda 1 nömrə - TƏHLİL

Bu il növbəti Yay Olimpiya Oyunları keçiriləcək.

İdman.biz xəbər verir ki, dördilliyin ən mötəbər multi-idman yarışına Fransa paytaxtı Paris ev sahibliyi edəcək.

Olimpiadanın açılış mərasiminə düz altı ay qalıb. Vacib sınağa yarım il qalmış yığmaların, idmançıların lisenziya “müharibəsi”ndəki durumu maraq doğurur.

Üçüncü dəfə Kubertenin vətənində
Müasir Olimpiadaların banisi Pyer de Kubertenin həmyerliləri üçüncü dəfə Oyunlara öz paytaxtında şahid olacaq. Paris 1900-cü ildə ilk dəfə buna layiq görülüb. 1924-cü ildə də Yay Olimpiya Oyunlarına ev sahibi olan paytaxt şəhəri 100 ildən sonra yenidən dünya idmanına qucaq açacaq. XXXIII Olimpiya Oyunlarının açılış mərasimi iyulun 26-da baş tutacaq. Avqustun 11-dək davam edəcək Paris-2024-də 32 idman növü üzrə mübarizə gedəcək. İdmançılar Kubertenin vətənində 17 gün ərzində 329 medal dəstinin sahibini müəyyənləşdirəcəklər. Bəzi idman növlərində mübarizəyə açılışdan iki gün əvvəl start veriləcəyini nəzərə alsaq, fransalılar 19 gün Olimpiada həyəcanı yaşayacaq.

Fərqli Olimpiada
Paris-2024 tarixə fərqliliyi ilə düşəcək. İlk dəfə idmançılar 3 illik tsikli multi-idman tədbirində başa vuracaq. Buna səbəb Tokio-2020 Yay Olimpiya Oyunlarının təxirə salınaraq 2021-ci ildə keçirilməsidir. Yaponiyadakı yarışın bir il gec təşkil edilməsi Parisə qədər üç il vaxtın qalması ilə nəticələnib. Koronavirus pandemiyasının Tokio-2020-yə həmin təsiri isə idmançılardan da yan ötməyib. Fransa paytaxtına yollanmaq arzusunda olan və lisenziyalara iddia edənlər artıq istəklərini reallaşdırmaq üçün daha az vaxtla kifayətlənməlidir. Bu, bəzilərinin xəyalının puç olması, digərlərinin belə durumdan yararlanmasına yol açıb.

Bizim “doqquzluq”
Təbii ki, dörd deyil, üç illik tsikl Azərbaycan millisinə də müəyyən dərəcədə təsir edir. Yığmamız Olimpiadaya 6 ay qalmış artıq 9 vəsiqə qazanıb. Təmsilçilərimiz buna 6 müxtəlif növdə nail olublar. Ruslan Lunyov (güllə atıcılığı, 10 m), Murad Allahverdiyev (boks, 80 kq), Məhəmməd Abdullayev (boks, +92 kq), Anna Skidan (atletika, çəkicatma), Zöhrə Ağamirova (bədii gimnastika), Maqomedxan Maqomedov (sərbəst güləş, 97 kq), Sənan Süleymanov (yunan-Roma güləşi, 77 kq), Həsrət Cəfərov (yunan-Roma güləşi, 67 kq) və Qaşım Maqomedov (taekvondo, 58 kq) artıq Parisə vəsiqə qazanmaq deyil, Fransada uğurlu çıxış etmək barədə düşünür. Onların hər birinin hazırlığı da bu istiqamətdə davam edir.

Yarısı sahibini tapıb
10 mindən çox idmançının qatılacağı Paris-2024-də mübarizə aparacaq atletlərin təxminən yarısı bəllidir. Bu günə qədər 5147 idmançı lisenziya qazanıb. Onlar 138 fərqli ölkənin milli komandasını təmsil edir. Lakin Fransada neytral atletlərdən ibarət yığmada iştirak edəcək. Bu komandanın 12 üzvü Olimpiya biletini rəsmiləşdirib. Bu da o deməkdir ki, artıq 139 komandanın iştirakı dəqiqləşib. Bu rəqəmin 200-ü keçəcəyi gözlənilir. Təbii ki, Beynəlxalq Olimpiya Komitəsinin bəzi üzvlərini “vild-card” verəcəyini də nəzərə almaq lazımdır.

Monqolustanla şərik
Lisenziya sayında aşkar lider Fransadır. Bu da başadüşüləndir. Bütün yarışlara qatılmaq hüququna malik ev sahiblərinin 434 təmsilçisinin Olimpiya həyəcanı yaşayacağı dəqiqləşib. ABŞ-da lisenziya sayında “400”ü keçib. Avstraliya bu siyahıda üçüncüdür. Ümumiyyətlə isə 14 ölkə 100, 30 komanda 50 vəsiqə səddini fəth edib. 9 belə lisenziyası olan Azərbaycan Monqolustanla eyni göstəriciyə malikdir. Ölkəmiz 69-70-ci yeri bölüşür.

Qafqazda birinci, postsovet məkanında 5-ci
Azərbaycan Qafqazdakı qonşularının hər ikisini qabaqlayır. Ermənistan və Gürcüstan lisenziya sayında geridədir. Sonuncuların cəmi 4, ermənilərin isə 7 vəsiqəsi dəqiqləşib.
Keçmiş SSRİ məkanında isə Azərbaycan 5-cidir. Ukrayna 64 lisenziya ilə hamını qabaqlayır. Litvanın 22, Qazaxıstanın 18, Özbəkistanın 16 vəsiqəsi var. Hələlik yalnız Türkmənistan lisenziya qazana bilməyib. Rusiya və Belarusun Olimpiadaya buraxılması isə hələ də sual altındadır.

Avropada 29-cu
Avropa ölkələri arasında da 1-ci olan Fransanın ən yaxın izləyicisi Böyük Britaniyadır. Almaniya isə “Köhnə qitə”nin üçüncüsüdür. Azərbaycan millisi Avropa ölkələri arasında 29-cu sırada yer alıb. Yalnız 28 komanda yığmamızı qabaqlayır. Qardaş Türkiyə millisi dünyada 31-ci, Avropada 17-cidir. “Ay-ulduzlular” artıq 49 lisenziya əldə edib.

Olimpiadaya lisenziya qazanan ölkələr

1. Fransa - 434
2. ABŞ - 415
3. Avstraliya - 305
4. Çin - 249
5. Böyük Britaniya - 234
6. Almaniya - 212
7. Yaponiya - 199
8. İspaniya - 177
9. Braziliya - 147
10. Niderland - 143
11. Kanada - 139
12. Yeni Zelandiya - 130
13. CAR - 112
14. İtaliya - 110
15. İrlandiya - 87
16. Polşa - 85
17. Misir - 76
18-19. Argentina - 74
Belçika - 74
20. Ukrayna - 64
21-22. Macarıstan - 63
Keniya - 63
23. Rumıniya - 61
24. Cənubi Koreya - 59
25. Danimarka - 58
26. İsveçrə - 57
27-28. Meksika - 54
Norveç - 54
29-30. Hindistan - 51
Serbiya - 51
31. Türkiyə - 49
32. İsrail - 46
33-34. Yunanıstan - 44
İsveç - 44
35. Mərakeş - 40
36-37. Kolumbiya - 38
Yamayka - 38
38-39. Çexiya - 35
Dominikan Respublikası - 35
40. Avstriya - 34
41. Portuqaliya - 29
42. Efiopiya - 27
43. Fici - 26
44. Litva - 22
45-46. Xorvatiya - 21
Kuba - 21
47. Çin Taypeyi - 19
48-52. Anqola - 18
Bolqarıstan - 18
Qazaxıstan - 18
Mali - 18
Sloveniya - 18
53-55. Əlcəzair - 17
Finlandiya - 17
Tailand - 17
56-58. Ekvador - 16
Uruqvay - 16
Özbəkistan - 16
59-61. İran - 14
Samoa - 14
Uqanda - 14
62. Slovakiya - 13
63-65. Çili - 12
Neytral Atletlər - 12
Cənubi Sudan - 12
66-68. Nigeriya - 11
Peru - 11
Tunis - 11
69-70. Azərbaycan - 9
Monqolustan - 9
71-72. Qvatemala - 8
Bəhreyn - 8
73-77. Ermənistan - 7
Estoniya - 7
Honkonq - 7
Moldova - 7
Venesuela - 7
78-80. Eritreya - 6
İndoneziya - 6
Sinqapur - 6
81-87. Fil Dişi Sahili - 5
Qırğızıstan - 5
Latviya - 5
Lüksemburq - 5
Malayziya - 5
Mavritaniya - 5
Qətər - 5
88-96. Botsvana - 4
Gürcüstan - 4
Pakistan - 4
Panama - 4
Filippin - 4
Puerto-Riko - 4
Tanzaniya - 4
BƏƏ - 4
Vyetnam - 4
97-104. Aruba - 3
Baham adaları - 3
Burkina-Faso - 3
Kosta Rika - 3
Kipr - 3
İordaniya - 3
Ruanda - 3
Səudiyyə Ərəbistanı - 3
105-116. Albaniya - 2
Kayman adaları - 2
Çad – 2
Qrenada - 2
Mozambik - 2
KXDR - 2
Sent Lusiya - 2
Seneqal - 2
Surinam - 2
Tacikistan - 2
Trinidad və Tobaqo - 2
Zimbabve - 2
117-139. Andorra - 1
Antiqua və Barbuda - 1
Barbados - 1
Bermud adaları - 1
Boliviya - 1
Bosniya və Herseqovina - 1
Britaniya Vircin adaları - 1
Kamerun - 1
Konqo DR - 1
Cibuti - 1
Dominika - 1
Qambiya - 1
İslandiya - 1
Küveyt - 1
Livan - 1
Liberiya - 1
Liviya - 1
Namibiya - 1
Fələstin - 1
San-Marino - 1
Suriya - 1
Toqo - 1
Zambiya – 1

Vüqar Xeyrullayev
İdman.biz