UFC döyüşçüsü İslam Mahaçev peşəkar karyerasının başlanğıcında üzləşdiyi ağır şəraitdən danışıb.
İdman.Biz xəbər verir ki, Mahaçev UFC-nin rəsmi “YouTube” kanalına açıqlamasında məşqlərə yeddi yaşında başladığını və Dağıstanda bunun həyat tərzinin bir hissəsi olduğunu deyib.
“Mən yeddi yaşımda məşq etməyə başladım. Dağıstanda bu, həyat tərzidir. Həbib Nurməhəmmədov, onun atası və indi mənimlə birlikdə məşq edən bütün qardaşlarımla həmin dövrdə tanış oldum”, - deyə döyüşçü vurğulayıb.
Mahaçev bildirib ki, ilk illərdə onların məşq və yaşayış şəraiti çox ağır olub:
“Çox çətin şəraitdə başlamışdıq. Kifayət qədər yaxşı yeməyimiz yox idi. Bəzən maşında, dayanacaqda yatırdıq. Bəzən isə idman zalında qalırdıq. Amma buna baxmayaraq, diqqətimizi itirmirdik və hər nə olursa-olsun, çox məşq etməyə davam edirdik”.
Onun sözlərinə görə, məhz həmin dövr sonrakı uğurlarının əsas motivasiya mənbələrindən birinə çevrilib:
“Belə böyümüşəm və hər şeyin məhz bu cür olduğuna görə xoşbəxtəm. Bu, səni motivasiya edir, uğura daha ac edir və həyatında nəyisə dəyişməyə məcbur edir. Məni indiki insan edən də məhz bunlardır”.
Mahaçev uzun illər Həbib Nurməhəmmədov və onun atası Abdulmanap Nurməhəmmədovun rəhbərliyi altında formalaşıb. O, sonradan UFC-də dünya çempionu olmaqla Dağıstan MMA məktəbinin ən uğurlu nümayəndələrindən birinə çevrilib.
