UFC rəhbəri Dana Uayt promouşenin Ağ Evdə keçiriləcək tədbirinin təfərrüatlarını paylaşıb.
İdman.Biz-in məlumatına görə, tədbir 14 iyunda baş tutacaq. ABŞ prezidenti Donald Tramp əvvəllər bildirib ki, tədbirdə səkkiz və ya doqquz titul döyüşü olacaq.
“Biz sözün əsl mənasında bütün logistika məsələlərini - hamısını necə təşkil edəcəyimizi, neçə nəfəri yerləşdirə biləcəyimizi araşdırdıq. Ağ Evin çəmənliyində təxminən 5000 nəfər iştirak edə biləcək. Yolun o biri tərəfində isə 85000 nəfərə qədər yerləşdirə biləcəyimiz bir park var, deyəsən bu, Ellips adlanır.
Orada böyük ekranlar və səhnə olacaq, bütün gün musiqi səslənəcək. Bu həftə ərzində azarkeşlər üçün müxtəlif tədbirlər təşkil edərək, demək olar ki, bütün Vaşinqtonu ələ keçirəcəyik. Əlbəttə ki, bu, unikal bir tədbir olacaq. Döyüşçülər Oval kabinetdən birbaşa oktaqona piyada gedəcəklər” - Uayt bildirib.
