Fransa, 14 iyunda Ağ Evin çəmənliyində keçirilməsi planlaşdırılan UFC şousu ilə üst-üstə düşməməsi üçün Evian şəhərində keçiriləcək G7 sammitinin tarixini dəyişdirib.
İdman.Biz bildirir ki, bu barədə tədbirin planlaşdırılması ilə tanış olan mənbələrə istinadən “Politico” məlumat yayıb.
G7 sammitinin əvvəlcə 14-16 iyun tarixlərində keçirilməsi planlaşdırılırdı. Yeni tarixlər — 15-17 iyun — artıq G7-nin rəsmi saytında dərc edilib. Fransa prezidenti Emmanuel Makronun ofisinin sözçüsü, döyüşlərlə birbaşa əlaqəsini təsdiqləmədən, cədvəldəki dəyişikliyin “G7 tərəfdaşları ilə məsləhətləşmələrin nəticəsi” olduğunu bildirib.
“Azad dünyanın lideri kimi, Prezident Trampın G7 sammitində iştirak etməsi vacib idi. Tərəfdaşlarımız ABŞ prezidentinin cədvəlinə uyğunlaşmaq üçün tarixləri nəzakətlə dəyişdirdilər”, - deyə Ağ Evin sözçüsü nəşrə bildirib.
Xatırladaq ki, Tramp 2025-ci ilin oktyabr ayında 14 iyunda Ağ Evin çəmənliyində “böyük UFC şousu” keçirmək planlarını açıqlayıb. UFC-nin baş direktoru Dana Uayt tədbirin logistikasının yekunlaşdırıldığını və 5000-ə qədər tamaşaçının iştirak edə biləcəyini təsdiqləmişdi. Daha əvvəl bu şounun rekord sayda titul döyüşünə ev sahibliyi edə biləcəyi bildirilib.
