İrina Zaretska: “Bu medal hər şeyi və daha çoxunu bacardığımın sübutudur”

Xəbərlər
11 Avqust 2025 12:19
77
İrina Zaretska: “Bu medal hər şeyi və daha çoxunu bacardığımın sübutudur”

“Çox gözəl duyğularım var. Gördüyümüz işlərə görə qürur hissi keçirirəm”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan karateçisi İrina Zaretska deyib.

Üçqat dünya çempionu Çinin Çenqdu şəhərində keçirilən Dünya Oyunlarında qazandığı gümüş medalı dəyərləndirib. Analıq məzuniyyətindən qayıdan Zaretska bildirib ki, bu medal hər şeyi və daha çoxunu bacardığının sübutudur: “Eyni yolda mənimlə addımlayan və bu uğurda əməyi olan insanlara sonsuz təşəkkür edirəm. Sizə sonsuz minnətdaram. Məni dəstəklədiz və ruhlandırdız. Nəhayət ki, yarışdan sonra “ana evində” deyə bilərəm. Parlaq döyüşlər, ən yaxşı texnika və yeni fəndlər - bu gün göstərmək istədiyim və çoxdan gözlədiyiniz budur. Yenə qələbələrə acam, ona görə də daha çox olacaq”.

Şəxsi və millinin məşqçilərinə təşəkkür edən Olimpiya mükafatçısı bildirib ki, bu uğur komanda işinin nəticəsidir.

Qızı ilə də şəkilini paylaşan İrinanın sözlərinə görə, bu an onun arzusu olub: “Bəlkə yuxu görürəm. Körpəmlə yarışda qalib olmaq arzularımdan biri idi. Bilmirəm niyə, amma bu, illərdir beynimdə olub... Artıq reallaşdı”.

Qeyd edək ki, 68 kq-da mübarizə aparan Zaretska finalda Elena Quiriciyə (İsveçrə) uduzub.

İdman.biz