Slovakiyanın paytaxtı Bratislava şəhərində keçirilən Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazanan cüdo üzrə gənc oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimlinin AZƏRTAC-a müsahibəsi
– Bratislavada təşkil edilən Avropa çempionatında 2 qızıl və 1 bürünc medal qazandınız. Nəticənizi necə qiymətləndirirsiniz?
– Bütün yarışlarda daha çox medala ümid edirik. Amma hər şey planlaşdırıldığı kimi getmir. Bununla belə, Avropa çempionatında oğlanlar arasında 1-ci yeri tuta bildik. Yarışın ilk günü çox uğurlu oldu və 3 medal qazandıq. Təbii ki, 81 kiloqram çəki dərəcəsində Avropa çempionumuz, gənclərin dünya reytinqində 2-ci sırada yer alan Süleyman Şükürova böyük ümidimiz vardı, lakin bu dəfə bizi sevindirmədi. Eyni zamanda +100 kiloqramda digər Avropa çempionumuz Ramazan Əhmədov da il ərzində Avropa Kuboklarında yüksək nəticələr göstərmişdi. Ondan da medal gözləyirdik. Amma bu, cüdodur və belə hallar istənilən vaxt baş verə bilər.
– Azərbaycan millisinin 60 və 66 kiloqram çəki dərəcələrində iki cüdoçusu eyni səbətə düşməsi və onların 1/4 finalda qarşılaşması barədə nə deyə bilərsiniz?
– Avropa Kuboku üçün Şimali Makedoniyanın paytaxtı Skopyeyə əsas hədəf reytinq xallarını artırmaq idi və ümumilikdə buna nail olduq. Avropa çempionatında isə Ukrayna komandası iştirak etmədi. Reytinqdə yüksək pillələrdə olan idmançılar irəlilədilər və nəticədə bizim iki cüdoçumuz eyni səbətə düşdü. Əgər onlar müxtəlif səbətlərdə olsaydılar, final qarşılaşmasında iki azərbaycanlının üz-üzə gəlməsi mümkün idi.
- Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatı ilə bağlı fikirləriniz necədir?
– Dünya çempionatına 3 həftə qalır və bu, ilin ən mühüm turniridir. Komandada dəyişiklik və ya heyətin azaldılması mümkündür. Bununla bağlı performans direktorumuzla məsləhətləşdikdən sonra yekun qərar veriləcək. Unutmaq lazım deyil ki, Avropa çempionatında medal qazanmaq şansı qaçsa belə, dünya çempionatında uğur əldə etmək mümkündür. Məsələn, Nihad Məmişov və Cəsur İbadlı Avropa çempionu olmasalar da, dünya çempionu titulunu qazanıblar. Ən əsas faktor idmançının motivasiyasıdır. Biz də onların hazırkı vəziyyətinə uyğun olaraq, kimlərin dünya çempionatına aparılacağına qərar verəcəyik.
- Dünya çempionatında hansı cüdoçulardan medal gözləyirsiniz?
- Nihad Məmişov ilə Məhəmməd Musayevdən qızıl medal gözləmək olar. Nizami İmranovdan savayı, bəziləri yeniyetmələrdən gənclərə keçən idmançılardır. Onları gələcəkdə yaxşı nəticələr gözləyir. Mən buna inanıram.
İdman.biz