Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə cüdoçuların dünya çempionatında bürünc medal qazanan Azərbaycan təmsilçisi Anar Quliyev (50 kq) gənclərin kateqoriyasında Avropa və dünya çempionu olmaq istəyir.
İdman.biz xəbər verir ki, idmançı bu barədə "Report"a açıqlama verib.
O, mundialda üçüncü olması ilə bağlı fikirlərini bölüşüb: "Daha yaxşı nəticə əldə edə bilərdim. Amma bürünc medalla kifayətləndim. Uduzduğum görüşdə parterdə bir az boşluq verdim. Ona görə belə alındı. 1/4 finalda məğlub olduğum qazaxıstanlı rəqibim də bürünc medal qazandı. Qızıl mükafat əldə edən özbək idmançı ilə daha əvvəl üz-üzə gəlmişəm. Həmin vaxt 46 kq çəkidə, finalda qarşılaşmışdım. Amma məğlub olmuşdum".
Quliyev növbəti il gənclərin kateqoriyasında mübarizə aparacağını vurğulayıb: "Demək olar ki, bu, yeniyetmələrdə son yarışım idi. Yeniyetmələr arasında Avropa çempionu olmuşam. Gənclərdə Avropa ilə yanaşı, dünya çempionu olmağı da hədəfləyirəm. Karyeramda əsas məqsədim isə böyüklər arasında olimpiya çempionu olmaqdır".
Qeyd edək ki, dünya çempionatında fərdi mübarizə avqustun 30-da bitəcək. Avqustun 31-də qarışıq komanda yarışı baş tutacaq.
İdman.biz