Qarşıda Olimpiya çempionlarımızı itirilmiş mövqelər uğrunda çətin mübarizə gözləyir

Xəbərlər
30 İyul 2025 15:44
73
Qarşıda Olimpiya çempionlarımızı itirilmiş mövqelər uğrunda çətin mübarizə gözləyir

Dünya cüdosunda gərgin keçən mövsümün yarısı geridə qalıb. Reytinq cədvəlləri də yenilənib və qüvvələr nisbəti olduqca maraqlı şəkildə dəyişib. Qarşıda isə Olimpiya çempionlarımızı itirilmiş mövqelər uğrunda çətin mübarizə gözləyir.

İdman.biz xəbər verir ki, yeni Olimpiya dövrünün başlaması ilə reytinq cədvəlləri də yenilənir və əvvəlki illərdə əldə olunmuş nəticələr tədricən reytinq əhəmiyyətini itirir.

Bu, Hidayət Heydərovla (73 kq) bağlı da özünü göstərib. O, ötən il dünya və Avropa çempionatları, həmçinin Yay Olimpiya Oyunlarında çempion olub. Parisdəki qələbədən sonra yalnız Budapeştdəki dünya çempionatında iştirak edib və ilk qarşılaşmada da uduzub. Buna görə də cüdoçumuzun tezliklə reytinqdə liderliyini əldən verəcəyi gözlənilirdi. Nəticədə zirvəyə yaponiyalı Tatsuki İshihara yüksəlib, Heydərov isə artıq 6-cı yerdə qərarlaşıb və komanda yoldaşı Rəşid Məmmədəliyevi cəmi bir pillə qabaqlayır. Olimpiya çempionumuz İshiharadan cəmi 780 xal geri qalır. Ümumiyyətlə, yeni dövr üçün liderlik uğrunda mübarizə bütün çəki dərəcələrində yenidən qızışır.

Məsələn, 90 kq çəki dərəcəsində Elcan Hacıyev ciddi sıçrayış edərək ikinci yerə yüksəlib. O, yalnız Olimpiya finalçısı yaponiyalı Sanshiro Muraodan geri qalır. Hacıyevin ardınca isə gürcülər Luka Maisuradze və Laşa Bekauri qərarlaşıblar. Elcanın yüksəlişi son nəticələr – Düşənbədəki “Böyük Dəbilqə” turnirindəki qələbə və dünya çempionatının bürünc medalını qazanmasına əsaslanır.

81 kq çəki dərəcəsində Zelim Tçkayev də yaxşı perspektivə malikdir - o da ikinci pilləyə yeksəlib. Dünya çempionatının bürünc medalçısı olan Tçkayev dəfələrlə dünya çempionu gürcü Tato Qriqalaşvili, ikiqat Olimpiya çempionu yaponiyalı Takanori Naqase və belçikalı Matthias Kasseni geridə qoyub. Amma lider Timur Arbuzovla (IJF) aralarındakı fərq 1061 xal təşkil edir.

Digər tərəfdən, Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) ilk üçlükdə yer alır. Paris-2024-dən sonra qənaətbəxş mövsüm keçirən idmançı Avropa çempionatında gümüş, dünya çempionatında isə bürünc medal qazanıb. Yeni uğurlu nəticələr reytinq xalları baxımından onun üçün çox əhəmiyyətli olub. Bu çəki dərəcəsində liderlik Matvey Kanikovskiyə (IJF) keçib, ikinci isə yaponiyalı Dota Araidir.

Yüngül və yarımyüngül çəki dərəcələrində isə bizim idmançılar daha da inkişaf etməlidirlər. Balabəy Ağayev (60 kq) 9-cu, Ruslan Paşayev (66 kq) isə 16-cı sıradadır.

Ağır çəkidə isə Uşangi Kokauri altı pillə irəliləyərək 10-cu yerə yüksəlib və ikiqat Olimpiya çempionu çexiyalı Lukaş Krpaleki geridə qoyub.

Reytinq cədvəllərində liderliyi daha çox Yaponiya təmsilçiləri ələ keçiriblər. Dörd yaponiyalı cüdoçu öz kateqoriyasında birincidir.

Azərbaycanlı idmançılarnın əksəriyyəti isə ilk 8-liyə daxildir, bu isə onların yarışlarda seçilmişlər statusunu daşımaları deməkdir. Uğurlu nəticələr və keyfiyyətli mübarizə ilə birlikdə reytinq də yüksəlir - bu da yaxınlaşmaqda olan Olimpiadaya seçim mərhələsi baxımından getdikcə daha vacib rol oynayacaq.

Zəki Feyzullayev
İdman.biz