Cüdo üzrə Bakı çempionatının qalibləri bəlli olub - FOTO

15 Noyabr 2026 15:52
294
Cüdo üzrə Bakı çempionatının qalibləri bəlli olub

Abşeron Olimpiya İdman Kompleksində böyüklər arasında cüdo üzrə Bakı şəhər çempionatı başa çatıb.

İdman.Biz xəbər verir ki, noyabrın 14-15-də keçirilən yarışda 35 klub və idman cəmiyyətini təmsil edən ümumilikdə 167 cüdoçu iştirak edib.

Çempionatın əsas məqsədi müəyyən edilmiş kvotalar əsasında Azərbaycan çempionatında iştirak etmək hüququ qazanacaq idmançıları müəyyənləşdirmək olub.

Yarışın son günündə qadınlar arasında üç, kişilər arasında isə dörd çəki dərəcəsində qaliblər və mükafatçılar bəlli olub.

Qadınların mübarizəsində Xədicə Abdullayeva (48 kq), Nərmin Ağamirzəzadə (52 kq) və Səmaya Yusifli (57 kq) Bakı çempionu adını qazanıblar.

Kişilərin yarışında isə Abdullah Rəhmətov (81 kq), Ruslan Nəsirli (90 kq), Fərid İsmayılov (100 kq) və Murad Hüseynquliyev (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İki günün yekunlarına əsasən, komanda hesabında Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti (DİN İC) birinci yeri tutub. Klubun cüdoçuları üç qızıl və bir gümüş medal qazanıblar.

İkinci pillədə iki qızıl, bir gümüş və üç bürünc medalla "Judo Club 2012" qərarlaşıb. İlk üçlüyü isə iki qızıl, bir gümüş və bir bürünc mükafat əldə edən RKİM tamamlayıb.

Beləliklə, paytaxt çempionatı Azərbaycan çempionatına vəsiqə uğrunda mübarizənin mühüm mərhələlərindən biri olub.

İdman.Biz