Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında Avropa Kubokunda gümüş medal qazanan Azərbaycan cüdoçusu Davud Namazlı (100 kq) ən çətin döyüşünü 1/4 finalda ABŞ idmançısına qarşı keçirib.
İdman.biz xəbər verir ki, bu barədə cüdoçu “Report”a açıqlama verib.
O, finalda məğlub olmasının səbəbini də açıqlayıb: “Görüşlərim ümumilikdə yaxşı keçdi. Finala qədər məğlub etdiyim rəqiblərin hər biri titullu, güclü idmançılar idi. Ən çətin rəqibim 1/4 finalda qarşılaşdığım ABŞ cüdoçusu oldu. “Qızıl xal”a qədər davam etdik. Finalda isə bəzi texniki çatışmazlıqlar səbəbindən məğlub oldum".
Namazlı bu il üçün ən böyük hədəflərini vurğulayıb: “Qarşıdan Universiada gəlir. Burada qazandığım gümüş medalı həmin yarışda qızıla çevirməyə çalışacağam. Bu il ən böyük hədəfim isə gənclər arasında Avropa və dünya çempionatının qalibi olmaqdır”.
Qeyd edək ki, Avropa Kubokunda 32 ölkədən 428 cüdoçu mübarizə aparıb.
İdman.biz