Zelim Tçkayev: “Bu medal mənim üçün çox dəyərlidir” - MÜSAHİBƏ - VİDEO

Müsahibə
17 İyun 2025 14:35
61
Zelim Tçkayev: “Bu medal mənim üçün çox dəyərlidir” - MÜSAHİBƏ - VİDEO

Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazanan Zelim Tçkayev (81 kq) Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, yığma üzvü görüşlərini dəyərləndirib.

- Səni dünya çempionatında qazandığın ilk medal münasibətilə təbrik edirik. Hisslərin, təəssüratların necədir?

- Təəssüratlarım əladır, çox sevincliyəm, çox xoşbəxtəm. Bu medal mənim üçün çox dəyərlidir. Mənə görə bu medal elə qızıl kimidir. Çünki bu, dünya çempionatında qazandığım ilk mükafatdır. Məşqçilərlə birgə plan hazırladıq və o plan uğurla işə yaradı. Hesab edirəm ki, yaxşı iş gördük. Bəli, görüş çətin keçdi, amma yenə də qalib gəldik.
- Yarımfinalda nə alınmadı? Qalib gəlmək imkanın vardı?

- Bəli, var idi. Amma belə alındı. Elə oldu ki, bu rəqibim məni üstələdi.

- Avropa çempionatının bürün medalı, dünya çempionatının bürünc medalı... Növbəti dəfə yəqin ki, medalın əyarını artırmağa çalışacaqsan.

- Bəli. Növbəti il dünya çempionatı Bakıda keçiriləcək və mən qızıl medal qazanmaq üçün bütün imkanları dəyərləndirəcəm.

- Eşitdik ki, federasiya rəhbərliyi də artıq səni təbrik edib. Nə dedilər, səni necə təbrik etdilər?

- Məni hər zamankı kimi təbrik etdilər, dəstək oldular.

- Bu qələbəni kimə həsr edirsən?

- Ailəmə, əlbəttə ki, Azərbaycana – çünki o mənə hər şeyi verib. Federasiyaya, bütün tibbi heyətə, məşqçilərə, bu yolda yanımda olan hər kəsə bu qələbəni həsr edirəm.

- İndi səninlə o qədər şəkil çəkdirdilər ki... Yəqin həyatında ilk dəfədir ki, bir axşamda bu qədər şəkil çəkdirirsən. Yoxsa, çox olub?

- Düzünü desəm, Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində qalib gəldikdə daha çox olmuşdu. Çoxlu uşaqlar vardı, böyüklər də. Növbəti hədəfim evə qayıtmaq, həyat yoldaşım və övladımla birlikdə istirahət etməkdir. Hazırkı məqsədim budur.

İdman.biz