Avropa çempionatı: Tçkayev və Fətiyev bürünc qazanıb - YENİLƏNİB - FOTO

Xəbərlər
25 Aprel 2025 19:16
819
Avropa çempionatı: Tçkayev və Fətiyev bürünc qazanıb - YENİLƏNİB - FOTO

Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin daha 5 idmançısı tatamiyə çıxıb.

Onlardan Zelim Tçkayev və Murad Fətiyev medal uğrunda yarışıb. Onlar bürüncə sahib olublar. Yığmamız Avropa çempionatında 4-cü medalını qazanıb.

Kişilər
81 kq

Zelim Tçkayev 1/16 finalda Orelyen Bonferroni (İsveçrə) ilə güləşib. Qələbə qazanan cüdoçumuz ardınca Dorin Qotonoaqa (Moldova) və Antonio Esposito (İtaliya) ilə duellərdən də qalib ayrılıb. O, yarımfinalda Tato Qriqalaşvili (Gürcüstan) ilə bacarmayıb. Tçkayev bürünc medal uğrunda Petru Pelivanla (Moldova) üz-üzə gəlib. Medalın taleyinə əlavə dəqiqələrdə aydınlıq gəlib. Zelim ipponla bürüncə sahib çıxıb.

Ömər Rəcəbli 1/16 finalda Eetu İhanamakini (Finlandiya) məğlub edib. O, ardınca Mattias Kasse (Belçika) ilə üz-üzə gəlib. Rəqib mərhələ adladığından həmyerlimiz yarışla vidalaşıb.

90 kq
Murad Fətiyev 1/16 finalda Aleksandr Sidoriklə (IJF) qarşılaşıb və inamlı qələbə qazanıb. Yığma üzvü 1/8 finalda İslam Soqenovla (Serbiya) münasibətinə aydınlıq gətirib. Rəqibini məğlub edən Fətiyev növbəti görüşündə Luka Maysuradzeni (Gürcüstan) də üstələyib. O, yarımfinalda Kristian Parlati (İtaliya) ilə görüşdə uğurlu seriyanı davam etdirə bilməyib. Məğlub olan cüdoçumuz bürünc medal uğrunda Aleksis Matye (Fransa) ilə yarışıb. Murad da həlledici döyüşdə ipponla qalib gələrək, 3-cü yeri tutub.

Qadınlar
70 kq

Günel Həsənli 1/32 finalda Anna Oleynik-Korniyenkoya (Ukrayna), Südabə Ağayeva Adelina Novitskiyə (İsrail) uduzub.

Qeyd edək ki, yarışda hələlik Əhməd Yusifovla (60 kq) Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıb. Avropa çempionatına aprelin 27-də yekun vurulacaq.

İdman.biz