Balabəy Ağayev Monpelyedə qərəzli hakimliyin qurbanı olub

Xəbərlər
3 Noyabr 2023 16:34
137
Balabəy Ağayev Monpelyedə qərəzli hakimliyin qurbanı olub

Monpelyedə keçirilən cüdo üzrə Avropa çempionatının startı hakim qalmaqalı ilə yadda qalıb.

İdman.biz-in Fransaya ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan cüdoçusu Balabəy Ağayevin (60 kq) italiyalı Andrea Karlino ilə görüşüdə hakim qərəzli qərar ilə yadda qalıb.

Son üç ildə 2 dəfə Parisdə keçirilən “Böyük Dəbilqə”nin qalibi olan Balabəyin Fransada növbəti uğura imza atacağı gözlənilirdi. Azərbaycan cüdoçusu italiyalı rəqibi Karlino ilə görüşə kifayət qədər inamlı başlayıb, aktivliyi və texnikası ilə seçilib. Nəticədə italiyalı idmançı passiv çıxışa görə xəbərdarlıqlar alıb. Lakin sonra döyüşün mənzərəsi bir qədər dəyişib: hakim Balabəyə “şido” verməyə başlayıb və döyüş “qızıl xala” qədər davam edib.

Cüdoçumuz əlavə vaxtda da daha fəal olub, amma səbəbsiz olaraq üçüncü dəfə xəbərdarlıq alıb. Balabəy jestlərlə hakimlərdən epizodu yenidən nəzərdən keçirməyi xahiş edərək, tatamidən çıxmaqdan imtina edib. Tribunada yer alan Azərbaycan nümayəndə heyəti hakimin səhvini qeyd edərək, videotəkrar izləmək imkanına işarə etsə də, hakimin qərarınə dəyişməkdən imtina edib.

Nəticədə Balabəy tatamini məyus halda tərk edib. Hakimlərin mübahisəli deyil, daha çox qərəzli qərarları onun mübarizəni dayandırmasına şərait yaradıb. Ağayevin növbəti mərhələdəki rəqibi isə onun əvvəllər məğlub etdiyi Luka Mxeidze (Fransa) olacaqdı. Bu onun medal qazanmaq şansını artırırdı. İndi fransalı 1/4 finalda o qədər də təcrübəsi olmayan Karlino ilə yarışacaq.

Zəki Feyzullayev

İdman.biz