“Bu Avropa çempionatının Azərbaycanda keçirilməsi qürurvericidir” - Namiq Novruzovun İDMAN.BİZ-ə AÇIQLAMASI

11 Noyabr 2026 17:30
99
“Bu Avropa çempionatının Azərbaycanda keçirilməsi qürurvericidir” - Namiq Novruzovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Azərbaycan Deflimpiya Komitəsinin baş katibi Namiq Novruzov eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının ilk dəfə ölkəmizdə keçirilməsinin əhəmiyyətindən danışıb.

O, bu barədə İdman.Biz-ə açıqlamasında bildirib ki, yarış həm idmançılar, həm də təşkilatçılar üçün böyük həyəcan və məsuliyyət yaradır.

Novruzov qeyd edib ki, indiyədək Avropa Karlar İdman Təşkilatının (EDSO) nümayəndəliyi altında eşitmə məhdudiyyətli idmançılar arasında belə bir Avropa çempionatı təşkil olunmayıb:

“Bu, bir ilkdir. Azərbaycanda deflimpiya hərəkatının inkişafına 2020-ci ildən yeni təkan verilib. Həmin il Azərbaycan Deflimpiya Komitəsinin yaradılması ilə bu istiqamətdə yeni mərhələnin əsası qoyulub. Qısa müddət ərzində komitə və onun təmsil etdiyi idmançılar kifayət qədər böyük uğurlar qazanıblar.

İdmançılarımız müxtəlif Deflimpiya Oyunlarında iştirak ediblər. Hətta ölkəmizin bu yarışlarda ilk qızıl medalını 2025-ci ildə Tokioda keçirilən Deflimpiya Oyunlarında cüdoçumuz Coşqun Əliyev qazanıb. Bu, cüdo idman növünün inkişafı baxımından da mühüm nailiyyət olub.

Bugünkü mövzuya qayıtsaq, ilk dəfə keçirilən bu Avropa çempionatı böyük həyəcan doğurur. Bu həyəcan həm idmançılar, həm də təşkilatçı komitənin əməkdaşları arasında hiss olunur. Belə bir yarışın ölkəmizdə təşkili hər birimiz, dövlətimiz və xalqımız üçün qürurvericidir.

İnanırıq ki, cüdoçularımız çəkdikləri zəhmətin bəhrəsini görəcək və hər kəsi sevindirəcəklər. Əminik ki, bu çempionatın Azərbaycanda keçirilməsi, eləcə də açılış mərasiminin yüksək səviyyədə təşkili eşitmə məhdudiyyətli vətəndaşlarımızın idmana marağının artmasına və onların idmana cəlb olunmasına böyük töhfə verəcək. Ümid edirik ki, yeni nailiyyətlərimiz də olacaq və bu uğurları birlikdə qeyd edəcəyik”.

İdman.Biz