Anar Bayramov: “Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər”

11 Noyabr 2026 16:38
59
Anar Bayramov: “Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər”

Azərbaycan Deflimpiya Komitəsinin sədri Anar Bayramov eşitmə məhdudiyyətli idmançılar arasında Bakıda keçirilən cüdo üzrə Avropa çempionatının açılış mərasimində çıxış edib.

İdman.Biz xəbər verir ki, Anar Bayramov ilk növbədə Avropa Karlar İdman Təşkilatının (EDSO) rəhbərliyinə çempionatın məhz Bakıda keçirilməsinə göstərdiyi etimada və dəstəyə görə təşəkkür edib.

O, Azərbaycanın idmanın inkişafına xüsusi diqqət yetirən və beynəlxalq idman ailəsində özünəməxsus yer tutan ölkə olduğunu vurğulayıb:

“Prezident İlham Əliyevin rəhbərliyi, idmana göstərdiyi davamlı diqqət və qayğı sayəsində ölkəmiz nüfuzlu beynəlxalq yarışların təşkili sahəsində böyük təcrübə qazanıb.

Dünya çempionatları, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi müxtəlif miqyaslı tədbirlərin uğurla keçirilməsi Azərbaycanın beynəlxalq idman mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib. Bunun nəticəsidir ki, paytaxtımız Bakı 2026-cı ilin Dünya İdman Paytaxtı elan edilib. Hesab edirik ki, bu il Bakıda eşitmə məhdudiyyətli idmançılar arasında Avropa çempionatının keçirilməsi də bu mühüm idman gündəliyinin tərkib hissəsidir. Qeyd edim ki, şəhərimizin idman tarixində ilk dəfə məhz bu kateqoriyadan olan idmançılar arasında belə bir yarış təşkil olunur”.

Anar Bayramov Azərbaycan Deflimpiya Komitəsinin fəaliyyətinin əsas istiqamətləri və əldə etdiyi nailiyyətlər barədə də danışıb:

“100 ildən artıq tarixə malik olan və dünyanın ən qədim ikinci beynəlxalq idman hərəkatı hesab edilən Deflimpiya hərəkatı idmanın birləşdirici gücünü və hər kəs üçün bərabər imkanların vacibliyini nümayiş etdirir. Azərbaycan Milli Deflimpiya Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri eşitmə məhdudiyyətli şəxsləri idmana cəlb etmək, onların istedad və bacarıqlarını üzə çıxarmaq, həmçinin idmanın yaratdığı imkanlardan yararlanmaları üçün şərait formalaşdırmaqdır.

Komitəmiz gənc qurum olmasına baxmayaraq, idmançılarımızın qazandığı uğurlar, beynəlxalq yarışlarda uğurlu iştirakı və bu gün Avropa çempionatına ev sahibliyi etməyimiz inkişafımızın mühüm mərhələləridir.

Əldə etdiyimiz nailiyyətlər sırasında 2025-ci ildə Yaponiyanın Tokio şəhərində keçirilən XXV Yay Deflimpiya Oyunlarında komitəmizin ilk dəfə altı idman növü üzrə 20 idmançı ilə təmsil olunmasını xüsusi qeyd etmək istərdim. Həmin yarışda ölkəmiz ilk dəfə medal qazanıb. Belə ki, deflimpiyaçı cüdoçumuz Coşqun Əliyev gümüş medala sahib olub.

Bu uğur dövlət başçısı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. İdmançımız müvafiq dövlət mükafatına layiq görülüb və mükafat ona şəxsən Prezident tərəfindən təqdim edilib. Coşqunun qazandığı deflimpiya medalı, eləcə də dövlət başçısının bu qələbəyə göstərdiyi yüksək diqqət və verdiyi dəyər ölkəmizdə deflimpiya hərəkatının inkişafında yeni mərhələnin başlanğıcı olub. Bu diqqət yalnız bir idmançının nailiyyətinə verilən qiymət deyil, həm də eşitmə məhdudiyyətli insanların iradə və əzminə göstərilən yüksək ehtiramın ifadəsidir”.

Komitə sədri bildirib ki, belə münasibət cəmiyyətdə deflimpiya hərəkatının təbliğinə, nüfuzunun artırılmasına və bu hərəkata daha çox insanın cəlb olunmasına töhfə verir.

O, çıxışını belə davam etdirib:

“Bu gün Azərbaycan deflimpiyaçıları cüdo, karate, güləş, atıcılıq, üzgüçülük, tayboks və şahmat üzrə müxtəlif beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər.

Bu gün bizi burada bir araya gətirən təkcə idman yarışı deyil, həm də ortaq dəyərlər, qarşılıqlı hörmət və birlik ruhudur. Müxtəlif ölkələrdən gələn idmançılar eyni məqsəd, eyni qətiyyət və qələbə inamı ilə tatamiyə çıxırlar.

Bu çempionat bir daha sübut edir ki, insanları birləşdirən dəyərlər dil və dövlət sərhədləri tanımır. Bəzən bir baxış, bir jest və ya idman mübarizəsi sözlərdən daha çox məna ifadə edə bilər. İdmanın gücü də məhz bundadır: o, insanları bir-birinə yaxınlaşdırır, fərqlilikləri aradan qaldırır və hamımızı ortaq məqsəd ətrafında birləşdirir.

Əziz idmançılar! Unutmayın ki, hər birinizin arxasında böyük iradə və zəhmət tələb edən çətin bir yol dayanır. İdman arenasına çıxmaq və mübarizəyə hazır olmaq özü də böyük nailiyyətdir”.

İdman.Biz