Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev Bakıda keçirilən cüdo üzrə dünya çempionatının açılış mərasimində çıxış edib.
İdman.Biz xəbər verir ki, federasiya prezidenti dünya cüdo ailəsini yenidən Bakıda qəbul etməyin Azərbaycan üçün böyük şərəf olduğunu bildirib.
“Bu gün dünya cüdo ailəsini növbəti dəfə Bakıda salamlamaq bizim üçün böyük şərəfdir. Cüdo yalnız tatami üzərindəki mübarizə deyil, həmçinin özünənizam, cəsarət və dostluq fəlsəfəsidir.
İllər əvvəl ölkəmiz cüdo vasitəsilə həyat tərzini zənginləşdirmək, gənclər arasında həm fiziki, həm də mənəvi cəhətdən sağlam və güclü nəsil yetişdirmək arzusu ilə böyük bir yola çıxdı. Bu gün həmin arzuların reallığa çevrildiyini görmək sonsuz qürur mənbəyidir.
Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmana göstərdiyi daimi dəstək sayəsində ölkəmiz böyük dünya yarışlarına ev sahibliyi edən, qonaqpərvərliyi və təşkilatçılıq təcrübəsi ilə tanınan möhtəşəm idman mərkəzinə çevrilib.
Bu uğur hekayəsinin vacib hissələrindən biri də beynəlxalq əməkdaşlıqdır. Bakıya növbəti dəfə dünya çempionatına ev sahibliyi etmək etimadını göstərdiyinə görə Beynəlxalq Cüdo Federasiyasına və şəxsən Marius Vizera dərin təşəkkürümüzü bildiririk”.
Rəşad Nəbiyev cüdonun gənc nəslin tərbiyəsində roluna da toxunub:
“Əsas məqsəd odur ki, cüdo zalına qədəm qoyan hər bir uşaq yalnız gələcəyin çempionu deyil, ilk növbədə cəmiyyətimizin ləyaqətli vətəndaşına çevrilsin. Bu fəlsəfə dövlətimizin gənclər və idman siyasətinin təməlində dayanır.
Əziz idmançılar və məşqçilər, önümüzdəki günlərdə siz yalnız çempionluq titulu uğrunda deyil, həm də cüdonun aliliyini və nəcibliyini nümayiş etdirmək üçün mübarizə aparacaqsınız. Sizin hər birinizə ədalətli mübarizə, yüksək idman ruhu və Bakıda unudulmaz anlar arzulayıram”.
Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən cüdo üzrə dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Yarışın ilk günündə Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) dünya çempionu olub.
