Azərbaycanın sambo üzrə gənclər millisi Serbiyanın Novi Sad şəhərində keçiriləcək Avropa çempionatında 15 idmançı ilə təmsil olunacaq.
Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Yaqub Abdullayev İdman.Biz-ə açıqlamasında bildirib ki, heyətdə sabiq cüdoçu, yeniyetmələr və gənclər arasında beynəlxalq turnirlərin dəfələrlə qalibi və mükafatçısı Tuncay Şamil də yer alacaq.
“Serbiyaya yollanan 15 idmançı arasında 20 yaşlı Tuncay Şamil də var. O, komandamızı 98 kq çəki dərəcəsində təmsil edəcək. Tuncay bu səfərə öz nəticələri ilə layiq görülüb: gənclər arasında ölkə çempionu olub, böyüklər arasında keçirilən çempionatda isə üçüncü yeri tutub. Hazırda çox yaxşı formadadır və Avropa çempionluğu uğrunda əsas ümidlərimizdən biridir”, - deyə Yaqub Abdullayev qeyd edib.
Xatırladaq ki, ötən il Azərbaycan Cüdo Federasiyası idmançını nizam-intizam qaydalarını pozduğuna görə 10 il müddətinə diskvalifikasiya etmişdi. İndi isə Şamil yeni növdə - samboda böyük idmana qayıdır.
