"Paris olimpiadasında maksimum nəticə əldə etmək istəyirik"

Müsahibə
28 Avqust 2023 16:37
284
"Paris olimpiadasında maksimum nəticə əldə etmək istəyirik"

Yenyetmələrdən ibarət cüdo üzrə Azərbaycan yığması Xorvatiyada yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatında tarixi uğur qazanıb. Yığmamız fərdi mübarizəni medal sıralamasında 2 qızıl, 3 gümüş və 3 bürünc medalla birinci pillədə başa vurub.

Bununla və digər mövzularla bağlı Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu İdman.biz-ə müsahibə verib.

- Azərbaycan cüdosuna yeni tarix yazıldı. Xorvatiyada yeniyetmə cüdoçular arasında keçirilən dünya çempionatını birinci pillədə başa vurduq. Bu yarış hansı təəssüratlarla yadda qaldı?

- Ötən həftə Zaqrebdə yeniyetmələr arasında dünya çempionatı baş tutdu. Fərdi yarışlarda 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanmaqla Yaponiya, Gürcüstan, Özbəkistan, Fransa kimi ölkələri qabaqlayıb birinci yeri tutduq. Bu, Azərbaycan cüdo tarixində ilk uğurdur. Daha önəmli məsələlərdən biri qızlarda oldu, 52 kq çəki dərəcəsində Xədicə Qadaşovanın qızıl medal qazanması bütün yaş kateqoriyaları üzrə qadınlar arasında əldə etdiyimiz ilk dünya çempionluğu oldu. Həmçinin final görüşündə 50 kq çəki dərəcəsində iki idmançımız finalda üz-üzə gəldi, bu da olduqca önəmli hadisələrdən biridir.

Eyni zamanda ən ağır çəki dərəcəsində ilk dəfə Ramazan Əhmədov bürünc medal qazandı. Bundan başqa qarışıq komanda yarışlarında gümüş medal əldə etdik, ardıcıl 3-cü dünya çempionatıdır ki, yarışlarda gümüş medal əldə edirik. Qeyd edim ki, yeniyetməlirimiz həm Avropa çempionatında, həm də EYOF-da medal sıralamasına görə birinci olublar. Bundan başqa ötən il Avropa çempionatında qarışıq komanda yarışlarında finalda Fransanı məğlub etmişdik, təəssüf ki, idmançılarımızın zədələnməsinə və digər səbəblərə görə bu dəfə qalib gələ bilmədik.

Vurğulamaq lazımdır ki, bu il qarışıq komanda yarışlarında Avropa çempionatında qızıl, EYOF-da və dünya çempionatında gümüş medal qazandıq. Rahatlıqla qeyd edə bilərik ki, 2023-də yeniyetmələrdən ibarət Azərbaycan millisi dünyanın ən güclüsüdür. Bunu təbii ki, faktlara söykənərək deyirəm və gələcəkdə bu səviyyənin qorunması üçün çalışacağıq. Mən cüdo sevərləri təbrik edirəm, inanıram ki, azarkeşlərimizi yeni uğurlarla sevindirəcəyik.

- Böyüklərdən ibarət cüdo millimizindən eyni performansı gözləmək nə qədər realdır?

- Bilirsiniz, rəqabət səviyyəsi gənclərdə, yeniyetmələrdə və böyüklərdə tamam fərqlidir. Bunların səviyyələrini eyni formada müqayisə etməyimiz doğru olmaz. Böyüklərdə nəticə vermək üçün uzun müddət tələb olunur, bir az səbrli olmaq lazımdır. Mən əminəm ki, işi bu cür davam etdirsək hər şey yaxşı olacaq.

Bu arada mən Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm, hər addımda onların dəstəyini görürük, bu da bizi çox ruhlandırır. Federasiya olaraq işə olduqca həssas yanaşmaqla böyüklərdən ibarət yığmada uğurlarımızın daha çox olacağına inanırıq. Ancaq orta statistik göstəricilərə görə böyüklərdən ibarət yığma komandamız əvvəlkilərdən heç də pis çıxış etmirlər, hətta bəzi məqamlarda daha üstün olduqlarını görürük. Eyni zamanda heyətdə dəyişiklikləri və bəzi idmançılarımız karyeralarını başa vurduqlarını deyə bilərik. Nəsil dəyişir, bu da 3-4 il vaxt tələb edir ki, sistem yerinə otursun. Amma bu gün də işlər gedir, hər şey qaydasındadır, Paris olimpiadasında maksimum nəticə əldə etmək istəyirik.

- Vurğuladınız ki, böyük cüdoçuların rəqibləri səviyyəlidir, bu gün yeniyetmə cüdoçularımız daha güclüdür. Yeniyetmələr potensiallarını 3-5 il sonraya daşıya biləcəklərmi?

- Təbii ki, hazırkı yeniyetmə idmançılar Los-Anceles və ondan sonrakı olimpiyadalara namizəd idmançılardır. Burada bir məsələ var, bizim idman adamları bir nüansı diqqətdən qaçırırlar, ən azı mən cüdodan nümunə deyə bilərəm. Bu idman növündə biz əsasən nailiyyətləri gənclər və yeniyetmə idmançılarla 50, 55, 60 kq çəki dərəcələrində əldə edirik. Böyüklərdə isə çəki dərəcələri 60 kq-dan başlayır. Bizim gənclərimiz böyüklər arasında yarışlara qoşulanda uğur nisbətinə görə 60 və 66 kq çəkilərdə daha çox idmançımız olur. Və bu da ciddi rəqabətə gətirib çıxarır.

Məsələn, bu gün 60 kq çəkidə yığmanın 2 lider idmançısı var, Balabəy Ağayev və Turan Bayramov. Balabəyin 24, Turanın 21 yaşı var. Təsəvvür edin, indiki yeniyetmələr 3-4 ilə elə inkişaf etməlidirlər ki, adıçəkilən idmançıları yığmadan kənara çıxara bilsinlər. Mən sizə hələ 2 idmançının adını çəkdim, kifayət qədər ad çəkə bilərəm. Burada əsas məsələ əzmkarlıq, səbr, sağlam mübarizədir ki, hər bir idmançıya əzmkar və səbrli olmağı tövsiyyə edirəm. Hazırda balanslaşdırılmış heyətimiz var, son dövrlərin ən stabil heyətini qurmuşuq. Bu gün dünya çempionatında ağır çəkidə ilk medalımızı əldə etmişik, hətta Aslan Kotsoyev 5-ci yeri tutsa belə, ona ümidlər böyükdür. İndiyə kimi belə bir uğurumuz olmamışdı, artıq bu gün bu nəticəni də qazanırıq. Yenə deyirəm, səbrli olmaq lazımdır, bu gün nəticə vermirsənsə, idmanı tərk etmək lazım deyil, mən məşqçilərə, valideynlərə səslənirəm, bu yöndə uşaqlara motivasiya versinlər. Biz federasiya olaraq həmin idmançılara dəstək verməyə hazırıq, təbii ki, onlar da əzmkar, mübariz, məsuliyyətli olmalıdırlar. Bizdə yığmaya düşmək üçün müəyyən kriteriyalar var ki, onlara cavab verib yığmaya düşsələr, biz əlimizdən gələn dəstəyi verəcəyik.

- Uğur qazanan yeniyetməlirimizə federasiya tərəfindən mükafat veriləcək?

- Bizdə federasiya tərəfindən mükafatlarma ilə konkret sənədimiz var, idmançılara açıq olan sənəddir. Özü də kifayət qədər normal məbləğdir. Onu da qeyd edim ki, bizdə hər yaş kateqoriyasının, hər bir nəticə üzrə mükafat həddi təyin edilib. Artıq Avropa çempionatında uğur qazanan idmançılara mükafatlar ödənilib, EYOF üçün də ayırdığımız mükafatı yaxın gələcəkdə ödəyəcəyik.

- Qarşıdaki yarışlardan gözləntilər nələrdir?

- Hər yarışdan öz gözləntimiz var. Gələn həftə gənclərin Avropa çempionatı var, orda iştirak edəcəyik. Daha sonra Bakıda 22-24 sentyabr Böyük Dəbilqə turnirini var, bundan başqa gənclərin dünya çempionatı baş tutacaq Portuqaliyada, daha sonra Əbu-Dabidə Böyük Dəbilqə turnirində iştirak edəcəyik. Bununla yanaşı Fransada böyüklərin Avropa çempionatı baş tutacaq. Birdə ehtimal var ki, dekabr ayında Yaponiyada Böyük Dəbilqə turnirində iştirak edək. Əsas yerdə qalan yarışlar bunlardır, gözləntilər isə turnirə görədir, gənclərin Avropa və dünya çempionatlarında ümidləri daha böyükdür, həm oğlan, həm də qızlarımız Yaponiyada və digər yerlərdə çox yaxşı təlim-məşq toplanışları keçiblər. Həm də burada kifayət qədər rəqabət qabiliyyətli heyət var, ötən il bildiyiniz kimi 3 qızıl medal əldə etmişdik, bu il də ən azı həmin uğuru daha yaxşı formada təkrarlamaq istəyirik. Gənclərin dünya çempionatından ümidlərimiz böyükdür, ötən il istədiyimiz kimi çıxış etmədilər, cəmi bir bürünc medal əldə etmişdik, bu da yarışın Ekvadorda baş tutması ilə bağlı idi, yol yorğunluğu özünü göstərdi. Böyüklərin də yarısında lisenziya xarakterli yarışlar gedir, rəqabət də yüksək səviyyədədir. Fransada keçiriləcək böyüklər arasında Avropa çempionatından maksimum nəticə gözləyirik.

- 22-24 sentyabr tarixində Bakıda Böyük Dəbilqə turniri baş tutacaq, yarışa hazırlıq prosesi necə gedir?

- Bəli, gələn ay Bakıda Böyük Dəbilqə turniri baş tutacaq, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr ediləcək. Bu da rəsmi olaraq beynəlxalq cüdo federasiyasının qərarına əsasəndir. Yarış Milli Gimnastika arenasında baş tutacaq. Yarışı ən yüksək səviyyədə təşkil edəcəyik, buna əminəm. Bizim bu sahədə təcrübəmiz böyükdür və bizim idmansevərlər, cüdo həvəskarlarını 22-24 sentyabr tarixlərində Milli Gimnastika Arenasına dəvət edirəm, gəlib idmançılarımıza dəstək olsunlar, həm də dünya cüdo uduzlarına tamaşa etsinlər.

Ağa Dadaşzadə

İdman.biz