O, idmanın cüdo növündə həm fərdi, həm də komanda yarışlarında qalib gələrək VI İslam Həmrəyliyi Oyunlarında nümunəvi nəticə göstərdi.
İdman.Biz Südabə Ağayeva ilə müsahibəni oxucularına təqdim edir.
-Şəxsi yarışlarda qalib gələ biləcəyinizə nə vaxt inandınız?
- Qazaxıstanın Aktau şəhərində keçirilən Açıq Asiya Turnirində çempion olduqdan sonra özümə inamım daha da gücləndi və hiss edirdim ki, İslam Oyunlarında da çempion olacağam və elə də oldu. Məşqçilərim və şəxsi müəllimlərim mənə inanır, dəstək olurdular. Mən də onların inamını doğrultdum.
-Qələbədən sonra sizi ilk kim təbrik etdi?
İlk olaraq komanda yoldaşlarım, müəllimlərim və ailəm təbrik etdi.
-Doğulduğumuz və hazırda yaşadığınız Buzovnada sizdən başqa belə yüksək nəticə göstərən idmançılar var?
Bəli, qəsəbəmizdə istedadlı idmançılar çoxdur. Mən bu uğurla gənclərə nümunə olmaq istəyirəm ki, Buzovnadan da çempionlar yetişə bilər.
-Cüdoya gəlməyə hazırlaşanda “qız hara, cüdo hara?” fikrini eşidirdinizmi? Bəs evdə necə, sizə dəstək oldular, yoxsa əksinə?
Xeyr, belə sözlər eşitməmişəm. Əksinə, hamı mənə dəstək olub, fəxr edib. İdman yoluna başlayanda məni cüdoya atam yazdırıb və hər zaman böyük dəstək verib.
-Komanda yarışlarında finalda hamı sizi dəstəkləyirdi, amma əvvəl məğlub olurdunuz. Möhtəşəm geridönüşə sizi nə motivasiya etdi?
Komanda yarışının ab-havası fərqlidir - burada təkcə özün üçün yox, komanda yoldaşların və ölkən üçün vuruşursan. Biz bir-birimizə söz verdik ki, qalib gəlməliyik, himnimizi səsləndirib bayrağımızı ucaldaq. Baş məşqçimiz Amina Abdellatifin motivasiyaedici sözləri finalda yadıma düşdü və bu, geri dönüşümə güc verdi.
Vüqar Vüqarlı, Ər-Riyad şəhəri.
