Elçin Quliyev Kral III Çarlzla görüşüb - FOTO

Xəbərlər
6 May 2024 18:34
Elçin Quliyev Kral III Çarlzla görüşüb - FOTO

Azərbaycan Dövlət Sərhəd Xidmətinin nümayəndə heyətinin Birləşmiş Krallığa səfəri başa çatıb.

İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyası məlumat yayıb.

Böyük Britaniyada keçirilən "Vindzor Kral Atçılıq Şousu"nda nümayəndə heyətimizin tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanan çıxışları uğurla başa çatıb. Tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvarilər dəstəsi və "Land of Fire" polo komandasının daxil olduğu nümayəndə heyətimizin bu möhtəşəm tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə baş tutub.

"Vindzor Kral Atçılıq Şousu" çərçivəsində Azərbaycan Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev Böyük Britaniyanın Kralı III Çarlz ilə görüşüb, birlikdə atların yarışını izləyib.

Azərbaycanın "Land of Fire" komandası ilə Böyük Britaniyanın ən nüfuzlu "Guards Polo Club" komandası arasında yoldaşlıq oyunu baş tutub. Dünya atçılığına "Çövkən" oyununu bəxş etmiş Azərbaycan təmsilçiləri ilə Avropada polo oyununun təşəkkül tapdığı Böyük Britaniya komandası arasında ilk yoldaşlıq görüşü kimi əlamətdar olan və gərgin mübarizə şəraitində keçən bu qarşılaşma komandamızın 6:4 hesabı qələbəsi ilə başa çatıb.

İdman.biz