Yığmamızın baş məşqçisi: “Lazımı yerdə olmaq üçün güclü çempionatımız yoxdur” - MÜSAHİBƏ

Müsahibə
4 Aprel 2024 16:03
Yığmamızın baş məşqçisi: “Lazımı yerdə olmaq üçün güclü çempionatımız yoxdur” - MÜSAHİBƏ

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Aleksandr Revvanın İdman.bizə müsahibəsi

- AVRO-2024-ün seçmə mərhələsində Şimali Makedoniyaya ikinci oyunda da uduzduz (22:37). Evdə qələbə üçün nə çatmadı?

- Şimali Makedoniyaya Avropa səviyyəsində yığmadır. Həmişə qitə və dünya çempionatlarında oynayırlar. Çox təəssüf ki, heyətimizdə itkilər var idi. Mehparə Əliyeva və Səbinə Smagina oyunda iştirak edə bilmədilər. Smagina komandamızın yeganə solaxay oyunçusudur, qarşılaşmada digərləri onu əvəzləməyə çalışdılar. Qarşılaşmanın ilk 15-17 dəqiqəsindən razı qalmaq olar, sonra isə pis oynadıq. Komandamızın lideri Kamilə Bayramova görüşə xəstə çıxmışdı, həmişəki oyununu göstərə bilmədi.

- Yığmamız qrupda sonuncu yerdədir. Sizcə belə zəif nəticə nə ilə əlaqədardır?

- Lazımı yerdə olmaq üçün güclü çempionatımız yoxdur. Ölkə səviyyəsində gərgin oyunlarımızın sayı çox azdır. Həmişə güclü çempionatlarda olan həndbolçular özlərini yaxşı tərəfdən göstərir. Federasiya lazımı dəstəyi göstərir, ancaq oyunçular çox azdır. Baş məşqçi kimi seçimdə çətinlik çəkirəm.

- Məğlubiyyətdə kimi “fərqləndirə” bilərsiz?

- Bunu açıqlaya bilmərəm. Onlarla söhbət edəcəyik. Qızlar 17-ci dəqiqəyə kimi çalışdılar, amma sonradan axmaq səhvlərə yol verdilər. Əgər qalib gəlmək istəyiriksə, belə çatışmazlıqları aradan qaldırmalıyıq.

- Qrupda son matçınızı aprelin 7-də İspaniya yığmasına qarşı keçirəcəksiz. Liderlə görüş barədə fikirləriniz necədir?

- Matça hazırlığa çox az vaxtımız var, həm də çox çətin uçuş olacaq. Onlar qrupumuzda birinci pillədədirlər, çox güclü komandadır. Avropanın ən yaxşı 7 yığmasından biridir. Ümid edirəm ki, qızlarımız əllərini üzməyəcəklər. Bu il üçün millimizin son oyunudur. Növbəti yarış 2025-ci ilə təsadüf edəcək.

- İspanları güclü adlandırdız. Bəs bu rəqibə qarşı hansısa xüsusi taktika olacaq?

- Hər gün 2 saat hazırlıq keçirik. Təəssüf ki, qarşılaşmaya da çox az bir müddət qalıb. Oyuna bir həftə qalmış yığışırıq. Amma təbii ki, bir məşq azdır, kombinasiyada da problemlərimiz var. Lakin yeganə hazırlıqda həndbolçuları yükləmək də düzgün deyil.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: