Azərbaycan Həndbol Federasiyası (AHF) rəhbərlikdə mümkün dəyişikliklərlə bağlı yayılan məlumatlara münasibət bildirib.
İdman.Biz xəbər verir ki, Saleh Məmmədov artıq təxminən on ildir Azərbaycan Həndbol Federasiyasından prezidenti vəzifəsini tutur. O, 1 dekabr 2016-cı ildə təşkilata rəhbər seçilib və bu günə qədər ölkədə bu idman növünün inkişafına rəhbərlik edir.
Son vaxtlar dövlət sektorunda baş verən kadr dəyişiklikləri fonunda müəyyən söz-söhbətlər yaranıb. Belə ki, cari ilin fevralında Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Bundan sonra idman ictimaiyyətində onun AHF-dəki postunu da tərk edə biləcəyi barədə müzakirələr başlayıb.
Federasiyada isə bu iddiaların əsassız olduğunu bildirirlər.
İdman.Biz təşkilatın mətbuat xidməti ilə əlaqə saxlayaraq mövcud vəziyyəti dəqiqləşdirib.
“Saleh Məmmədovun dövlət vəzifəsindən azad edilməsi federasiyanın fəaliyyətinə heç bir təsir göstərməyib. O, AHF-nin prezidenti vəzifəsini icra etməyə davam edir və hazırda rəhbərlikdə heç bir dəyişiklik yoxdur. Bütün daxili turnirlər plan üzrə keçirilir. Kişilər və qadınlar arasında ölkə çempionatları hazırda aktiv mərhələdədir, milli komandaların yarışlara hazırlığı isə sentyabr ayında bərpa olunacaq”, - deyə federasiyadan bildirilib.
