Xətai Bağırov qaçaqmalçılıqda ittiham olunmasına aydınlıq gətirib: “Necə olacağını bilə-bilə təklif etdi” - VİDEO

Müsahibə
31 Yanvar 2024 10:14
Xətai Bağırov qaçaqmalçılıqda ittiham olunmasına aydınlıq gətirib: “Necə olacağını bilə-bilə təklif etdi” - VİDEO

“Artıq bu məsələdə hər şey aydınlaşıb”.

Bunu İdman.bizin studiyasının qonağı olan “Zirə” klubunun minifutbolçusu Xətai Bağırov deyib.

O, futzal üzrə Azərbaycan millisinin heyətində oynadığı vaxt qaçaqmalçılıqda ittiham olunmasının səbəbkarını açıqlayıb: “Mən orda olmamışdım. Əvvəllər mənimlə futbol oynamış bir nəfər var. Onun barədə danışmaq istəmirəm. Bir məhəllədə böyüdüyümüz adam bunun nəticəsinin necə olacağını bilə-bilə mənə belə təklif etdi. O, səbəbin başqa olduğunu dedi. Əvvəl mən də qəbul etmək istəmədim. Amma sonra komanda yoldaşlarımdan xahiş etdim ki, belə bir şeyə kömək göstərmək lazımdır. Onun da axırı belə oldu”.

Xətai bu işdə öz xətasının da olduğunu inkar etməyib: “Bu işlə məşğul olmadığımızı hər kəs bilir. Təbii ki, belə səhvlərə yol verməməliyik. Mən yaxşı götür-qoy etməli, onun özündən yox, başqalarından soruşmalı idim. Belə hallar başımıza gələndən sonra nələr etməli olduğumuzu fikirləşirik. Başqalarından soruşmamağıma səbəb isə onun ailə problemlərini, şəxsi məsələləri qabartması oldu. Artıq hər şey qaydasına düşüb. Ödəməli olduğum cəriməni də köçürmüşəm”.

Qeyd edək ki, bu qalmaqal 2023-cü ilin martında baş verib. Azərbaycan millisinin iki futzalçısı Xətai Bağırov və Xəzər Ağalızadə ölkəyə gömrük sərhədində bəyan edilməmiş 24 ədəd “İphone 13 Pro Max” və 24 ədəd smart saat keçirmək istəyiblər. Futzalçıların malları Türkiyədən Azərbaycana gətirmək cəhdi zamanı gömrükçülər tərəfindən saxlanılıblar. Onların hərəsi 1500 manat cərimə olunub.

İdman.biz