“Red Bull” komandasının fransalı pilotu İsak Hacar “Formula-1” üzrə Azərbaycan Qran-prisində yüksək nəticə uğrunda mübarizə aparmaq niyyətindədir.
İdman.Biz xəbər verir ki, 21 yaşlı sürücü yarışdan əvvəl təşkil olunan mətbuat konfransında Bakıda qələbə qazanmaq istədiyini bildirib.
Biləyindəki zədənin hazırlıq prosesinə ciddi təsir etdiyini deyən Hacar son həftələrin onun üçün asan keçmədiyini vurğulayıb. Fransalı pilot artıq yenidən trasda olmağın ona müsbət təsir etdiyini söyləyib:
“Biləyimdə zədə vardı və bərpa prosesi bir neçə həftə çəkdi. Bu müddət çətin keçdi. Belə vəziyyətdə insan mümkün qədər tez geri dönmək istəyir. Son həftələr mənim üçün məyusedici idi. İndi isə yenidən mübarizəyə qoşulmaq çox xoşdur. Rəqiblərimlə mübarizədə qalib gəlmək istəyirəm”.
Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da Bakı Şəhər Halqasında keçiriləcək.
