Britaniyanın T-VINE nəşri Bakı Şəhər Halqasının “Formula-1”in ən tanınan və gözlənilməz məkanlarından birinə çevrildiyini yazıb.
İdman.Biz xəbər verir ki, məşhur nəşr Bakıda “Formula-1” yarışlarının keçirilməsinin 10 illiyinə məqalə həsr edib.
Bildirilib ki, sentyabrın sonunda dünyanın ən sürətli pilotları Azərbaycan Qran-prisi çərçivəsində yenidən Bakı küçələrində mübarizə aparacaqlar.
Azərbaycan Qran-prisinin əsas yarışı sentyabrın 26-da, şənbə günü keçiriləcək. Yarışın tarixi sentyabrın 27-də qeyd olunan Anım Günü ilə əlaqədar bir gün əvvələ çəkilib.
2026-cı ildə “Formula-1”in Bakıya gəlişindən 10 il ötür. Paytaxt 2016-cı ildə Avropa Qran-prisinə ev sahibliyi edib, növbəti ildən isə yarış Azərbaycan Qran-prisi adı ilə keçirilməyə başlayıb.
T-VINE qeyd edib ki, uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqası “Formula-1”in ən fərqli məkanlarından biridir. Tras paytaxtın mərkəzindən, tarixi İçərişəhərin yanından və Xəzər dənizi sahili boyunca keçir.
Pilotlar orta əsr qala divarları yaxınlığındakı son dərəcə dar hissəni keçdikdən sonra 2,2 kilometrlik yüksək sürətli düz yola çıxırlar. Nəşrin fikrincə, dar döngələrin, yüksək sürətin və trasa yaxın yerləşən qoruyucu baryerlərin bir araya gəlməsi Bakı mərhələsinin dramatik və gözlənilməz yarışlarla tanınmasına səbəb olub.
Bu il Azərbaycan Qran-prisinə “Mercedes” pilotu Kimi Antonelli lider kimi gələcək. 20 yaşlı pilot bu mövsüm 8 qələbə qazanıb və 292 xal toplayıb. O, Madriddə keçirilən İspaniya Qran-prisindəki qələbəsindən sonra komanda yoldaşı Corc Rasselli 81 xal qabaqlayır.
Azərbaycan Qran-prisinin son qalibi Maks Ferstappen də Bakıya qayıdacaq. “Red Bull” pilotu 2025-ci ildə yarışa ilk sıradan başlayıb və bütün məsafəni lider tamamlayıb.
