Hemiltonla Rasselin eyni problemi üzə çıxdı - keçmiş pilot açıqladı

11 Avqust 2026 10:38
132
Hemiltonla Rasselin eyni problemi üzə çıxdı - keçmiş pilot açıqladı

“Formula-1” in sabiq pilotu Tyerri Boutsen Lyuis Hemiltonla Corc Rasselin son illərdə üzləşdiyi çətinliklər arasında oxşarlıq olduğunu düşünür.

İdman.Biz xəbər verir ki, belçikalı keçmiş pilot Hemiltonun 2025-ci ildə “Ferrari”də yaşadığı problemlərlə Rasselin hazırkı durumunu müqayisə edib.

Boutsenin sözlərinə görə, Hemilton ötən mövsüm həm özünəinam, həm də bolidin performansı baxımından çətinlik çəkib.

“Lyuis elə Lyuisdir və zirvədə olmağa layiqdir. O, bütün həyatı boyu zirvədə olub, amma keçən il əziyyət çəkdi. Lyuis ötən il Corcun indi yaşadığı eyni problemlərlə üzləşirdi - özünəinam, bolidin yaxşı işləməməsi və bütün bu detallar vəziyyəti çox pis göstərirdi”, - Boutsen bildirib.

Onun fikrincə, bolidin səviyyəsi yüksəldikdən sonra Hemilton yenidən potensialını göstərməyi bacarıb.

“Avtomobil yaxşılaşan kimi o, nəticə verdi və Barselonada qalib gəldi. Mən onun adına çox sevindim”, - sabiq pilot əlavə edib.

Boutsen Rasselin də hazırkı çətin dövrdən daha güclü çıxacağına inanır. O, Niki Laudanın “qələbədən heç nə öyrənmirsən” fikrini xatırladaraq məğlubiyyətlərin sürücünün inkişafı üçün vacib olduğunu vurğulayıb.

“Uduzanda çox şey öyrənirsən. Özünü, avtomobilin problemlərini, komandanı və komanda ilə münasibətləri təhlil etməlisən. Bütün bunların öhdəsindən gələndən sonra yenidən qalib gəlirsən. Hər zaman qalib gəlmək mümkün deyil”, - Boutsen deyib.

İdman.Biz