“Qarabağ”ın qələbəsi yalnız Azərbaycanda deyil, bütün Avropa futbolunda böyük rezonans yaradıb. Açığını deyim, biz bu qələbəni gözləmirdik, çünki bilirdik ki, Qurban Qurbanovun yetirmələri zəngin futbol ənənələrinə malik bir kluba qarşı oynayacaqlar - iki dəfə Çempionlar Kubokunu qazanmış, futbol əfsanələrinin oynadığı bir klub, dahi Eysebiodan başlayaraq dünya çempionu Otamendiyə qədər. Bu, bizim üçün həm böyük, həm də xoş bir sürpriz oldu".
Bunu İdman.biz-ə açıqlamasında “Cəbrayıl” klubunun prezidenti Şahin Məmmədov deyib.
O, "Qarabağ"ın qapısında 2 qolu görəndən sonra məyyus olduğunu bildirsə də, oyunun dramatik epizodlarla yadda qaldığını vurğulayıb: "İki qol buraxıldıqdan sonra şəxsən düşünürdüm ki, klub “gənclər komandası” kimi taleyini yaşayacaq. Lakin futbolçularımız fantastik iradə nümayiş etdirərək bütün Avropanın danışdığı geridönüşü etdilər!".
Şahin Məmmədov əlavə edib ki, bu qələbə bütün Azərbaycan klubları, o cümlədən hazırda I Liqada çıxış edən “Cəbrayıl” üçün də böyük motivasiya və stimuldur: “Qarabağ” sübut etdi ki, futbolda heç bir şey mümkünsüz deyil, hətta Azərbaycan klubları üçün də. Əlbəttə ki, “Qarabağ” bütün Qarabağ bölgəsi və bütün Azərbaycan üçün bayram havası yaratdı!”.
Vüqar Vüqarlı
İdman.biz