“Qarabağ”ın uğurunun sirri baş məşqçi Qurban Qurbanovla bağlıdır. O, futbolçulardan hücum futbolu, pressinq və yaradıcı olmağı tələb edir.
İdman.biz xəbər verir ki, AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalski ölkəsinin mətbuatına müsahibəsində deyib.
25 yaşlı qolkiper bildirib ki, rəqibindən səviyyəsindən asılı olmayaraq, komandası hər zaman hücum futbolu oynayır: “Eşitmişəm ki, bizə Azərbaycanın “Barselona”sı deyirlər, amma biz “Qarabağ”ıq. Oyunçular müxtəlif ölkələrdən olsalar da, paltardəyişmə otağında əla atmosfer var. Komanda yoldaşlarımla ingilis dilində ünsiyyət qururam və rus dilində də bir neçə söz öyrənirəm. Ən əsası odur ki, bizi futbolun dili birləşdirir. Burada təzyiq hiss etmirəm. Azarkeşlər bilirlər ki, biz uğur qazanmaq üçün əlimizdən gələni edirik. Onlar ötən mövsüm Avropa Liqasındakı nəticəyə görə məyus oldular, amma biz ölkə çempionatında qalib gəlməklə və Çempionlar Liqasına vəsiqə qazanmaqla bunu kompensasiya etdik. Bu da azərbaycanlılara böyük sevinc bəxş etdi. “Qarabağ”ın uğurları sayəsində azərbaycanlılar milli komandanın irəli gedəcəyinə inana bilərlər. Təbii ki, Azərbaycanda keyfiyyətli futbolçular az deyil. “Qarabağ”ın Çempionlar Liqasındakı oyunu əcnəbi klubları azərbaycanlı futbolçuları transfer etməyə həvəsləndirməlidir. Onların bir çoxu yüksək liqalarda uğur qazana bilər”.
Qeyd edək ki, Polşa millisinin qapıçısı “Qarabağ”a ötən ilin yayında keçib.
İdman.biz