Özbəkistan prezidenti Şavkat Mirziyoyev və FIFA prezidenti Canni İnfantino təşkilatın Daşkənddə Mərkəzi Asiya ölkələri üçün regional ofisinin açılması barədə razılığa gəliblər.
İdman.biz bildirir ki, bu barədə Özbəkistan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Mirziyoyev və İnfantino arasında bazar ertəsi keçirilən görüşdə tərəflər, ilk növbədə, futbolun təşkili və idarə edilməsi sisteminin daha da transformasiyası, gənc istedadların üzə çıxarılmasına kömək, beynəlxalq səviyyədə məşqçilər, hakimlər, menecerlər, idman həkimləri və texniki mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlığın daha da genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“FIFA-nın Daşkənddə Mərkəzi Asiya ölkələri üçün regional ofisinin açılması ilə bağlı razılıq əldə olunub”, - deyə xəbərdə bildirilir.
Bundan əlavə, görüşün sonunda “Özbəkistan futbolunun beynəlxalq arenada inkişafına və təbliğinə verdiyi şəxsi töhfəyə görə Özbəkistan Prezidenti FIFA rəhbərinə yüksək dövlət mükafatı – “Dustlik” (“Dostluq” – red) ordenini təqdim edib”.
İdman.biz