Yarımmüdafiəçi təhsil almaq üçün "Qarabağ"dan ayrılıb - FOTO

Xəbərlər
6 Sentyabr 2025 15:15
46
Yarımmüdafiəçi təhsil almaq üçün "Qarabağ"dan ayrılıb - FOTO

"O, artıq bizimlə sağollaşıb, indi Almaniyaya getməlidir".

İdman.biz xəbər verir ki, bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın futbol akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

Ağdam klubunun funksioneri bildirib ki, U-19 komandasının yarımmüdafiəçisi Nihad İsgəndərov karyerasını Almaniyada davam etdirməyə yaxındır: "Nihad orada ali təhsil alacaq. Bunu bizə atası dedi. Valideyni söylədi ki, oğlu Almaniyadakı universitetlərdən birinə qəbul olunub, tezliklə getməlidir. Odur ki, klubdan sənədləri istədilər. Ortada təhsil məsələsi olduğu üçün Nihadı buraxmağa razılaşdıq. O, Almaniyada təhsil aldığı müddətdə futbolçu karyerasını da davam etdirə bilər. Mediada "Verder"in ona maraq göstərdiyi yazılır. Nihad hansı klubla müqavilə imzalasa, "Qarabağ"a təzminat ödənməlidir.

Eşitdiyimə görə, almaniyalı skautlar futbolçunu "Qarabağ"ın heyətində bir müddət əvvəl İsveçin Göteborq şəhərində keçirilmiş "Gothia Cup" turnirində görüblər. Ola bilsin, başqa komandaya getsin. Söz-söhbət var, amma konkret heç nə yoxdur. Nihad bizə lazımlı uşaqdır. Əgər tezliklə Almaniyaya getməsə, bəlkə də qalıb qışadək UEFA Gənclər Liqasında komandamıza kömək etdi".

İdman.biz