“Komanda həm fiziki, həm də taktiki hazırlıqlar üzərində çalışır. Əsas məqsədimiz çempionatda uğurlu çıxış etməkdir”.
İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında II Liqada mübarizə aparan “Dinamo”nun prezidenti Yaşar Seyidov deyib.
Klub rəhbəri yeni mövsüm haqda da fikirlərini bölüşüb: “Artıq bir aya yaxındır ki, “Dinamo” yeni mövsümün hazırlıqlarına start verib. Məqsədimiz gənc və perspektivli futbolçularla birlikdə komanda kimi yaxşı iş ortaya qoymaqdır. Heç kimin tanımadığı bu futbolçularla güclü kollektiv formalaşdırıb, çempionatda cəsarətlə oynamağı və müəyyən nəticələr qazanmağı hədəfləmişik. Hər zaman arzumuz olub ki, gənclərlə təcrübəli oyunçuları birləşdirib, komanda şəklində uğur əldə edək. Klub yaranandan bəri əsas məqsədimiz tanınmayan oyunçuları futbola qazandırmaq, ilk növbədə idmanın kütləviliyinə nail olmaq və gələcəkdə imkan olsa, daha yüksək liqaya doğru irəliləməkdir. Amma hər kəs yaxşı bilir ki, bunun üçün maliyyə və şərait də lazımdır. Təəssüf ki, hazırda istəyimizi reallaşdırmaq imkanımız yoxdur”.
Komandanın güclənməsi üçün təcrübəli futbolçuların vacibliyini qeyd edən Seyidov əlavə edib: “Yalnız az təcrübəli oyunçularla böyük uğurlara ümid bəsləmək çətindir. Təcrübəli futbolçuların dəvəti üçün isə klubun maliyyə imkanları kifayət etmir. Buna görə də indidən nəsə demək düzgün olmaz. Hər kəsə məlumdur ki, klubun maddi vəziyyəti zəifdir və biz sponsor dəstəyinə ehtiyac duyuruq. Ümid edirik ki, gələcəkdə sponsor tapılacaq və o zaman daha iddialı, əvvəlki “Dinamo” (Bakı) səviyyəsində bir komanda quraraq, Azərbaycan futboluna töhfə verə biləcəyik. Biz vaxtilə Çempionlar Liqası və Avroliqada oyunlar keçirmişik, bunun necə xüsusi hiss olduğunu yaxşı bilirik. Yenidən həmin həyəcanı yaşamaq böyük bir zövq olardı. Uzun illərin futbol təcrübəsinə əsaslanaraq məsuliyyətlə deyə bilərəm ki, Azərbaycan futbolunun Avropada uğur qazanması, gənc və perspektivli oyunçularımızın böyük klublarda oynaması üçün geniş layihələrimiz var. “Atletiko” və “Lans” kimi klublarla böyük əməkdaşlıqlarımız olmuşdu. Əgər vaxtında bu layihələrə dəstək verilsəydi, bu gün milli komandamız həm dünya, həm də Avropa çempionatlarının final mərhələlərində iştirak edə biləcək gücdə olardı. Təəssüf ki, dəstək olmadığından bütün planlarımız yarımçıq qaldı”.
Azarkeş məsələsinə də toxunan Seyidov bunları deyib: “Azarkeş bazasını gücləndirmək üçün müəyyən addımlar atırıq. Amma açıq etiraf edim ki, təbliğat və təşviqat çox aşağı səviyyədədir. Bunun üçün ilk növbədə A milli komandamızın uğur qazanması vacibdir. Əgər yığma komandamız yaxşı nəticələr əldə etsə, valideynlərdə və ümumilikdə futbol ictimaiyyətində idmana maraq artar. Biz İsgəndər Cavadov, Maşallah Əhmədov, İqor Ponomaryov dövründə olduğu kimi futbol sevgisini yenidən yaratmalıyıq. Çünki uğur olmayanda, nə edirsən et, kütləviliyə nail olmaq mümkün deyil”.
İdman.biz