Saşa Yunisoğlu: “Bizim futbolçular Avropaya getməyə qorxurlar” - MÜSAHİBƏ

Müsahibə
2 Sentyabr 2025 17:24
43
Saşa Yunisoğlu: “Bizim futbolçular Avropaya getməyə qorxurlar” - MÜSAHİBƏ

Azərbaycan yığmasının sabiq müdafiəçisi Saşa Yunisoğlunun Futbolinfo.az saytına müsahibəsi

– Millimizin DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Ukraynaya qarşı keçirəcəyi oyunlar üçün açıqlanan heyətində kimlərin olması və kimlərin dəvət edilməsi sizi təəccübləndirdi?

– Heyətlə bağlı düşünürəm ki, hər şey gözlədiyimiz kimidir. 2-3 nəfər istisna olmaqla, bu dəqiqə ən yaxşı olanlar çağırılıb. Dəvət olunanlar arasında kim öz klubunda oynayır, kim oynamır – bu, artıq başqa məsələdir. Düzü, Santuşun seçimi də geniş deyil. Demək olar ki, üzdə olanlardan hamını çağırıb.

– Yığmamız seçmə mərhələnin ilk oyununu sentyabrın 5-də səfərdə İslandiya millisinə qarşı keçirəcək. Reykyavikdən yaxşı nəticə ilə qayıtmaq şansımız nə qədərdir?

– Millimiz bir neçə il əvvəl Reykyavikdə İslandiya ilə yoldaşlıq oyunu oynamışdı, maraqlı matç alınmışdı. O vaxt görüş 1:1 hesabı ilə bitmişdi. Düzdür, üstündən çox vaxt keçib, komandalar tamamilə dəyişilib. Amma İslandiya Avropanın qrand yığmalarından deyil. Məncə, onlarla səfər görüşündə nəinki 1, hətta 3 xal da götürmək mümkündür. Təbii ki, biz də Braziliya millisi deyilik. Amma qrupumuzdakı rəqiblərə nəzər salanda bir az İslandiya ilə oyunlara ümidlə baxa bilərik.

– Sentyabrın 9-da isə Bakıda Ukrayna yığmasını qəbul edəcəyik. Bu görüşdən gözləntiniz nədir?

– Ukrayna çox yaxşı və güclü komandadır, Avropada səs salmış yığmadır. Oyunçuların əksəriyyəti Avropa klublarında çıxış edirlər. Bu oyun millimiz üçün çətin keçəcək və bunu normal qəbul edirəm. Amma düşünürəm ki, Ukrayna millisi son vaxtlar öz maksimum performansını göstərə bilmir. Bu da məlum səbəblərə görə başadüşüləndir. Bu mənada, millimizin Bakıda Ukraynadan xal alması üçün yaxşı fürsəti var.

– Fernandu Santuşun dəvət göndərdiyi 24 futbolçudan cəmi 5-i legioner həyatı yaşayır…

– Ümumiyyətlə, legioner-yeri məsələsi, limit barədə artıq çox danışılıb. Bəli, xaricdə oynayan, legioner həyatı yaşayan azərbaycanlı futbolçular azdır. Çünki bizim futbolumuzun səviyyəsi Avropada qiymətləndirilmir. Ona görə də azərbaycanlı futbolçuları yaxşı liqalara götürmürlər. Maksimum Albaniya və digər Balkan ölkələrinə gedə bilirlər. Bircə qaydalardan kənara çıxan Mahir Emrelidir, bu cür hal da bizim futbolda 20 ildə 1 dəfə olur. Cari mövsümdən Premyer Liqamızda legioner limiti ləğv olunub. Hamı gözləyir ki, bundan sonra daha çox yerli futbolçu Avropaya üz tutacaq. Çünki indi yerlilər oynamaq istəyirlərsə, ikiqat çalışaraq, inkişaf edərək heyətə düşməlidirlər. Artıq heç kim onlara “11-lik”də yer alacaqlarına dair söz vermir. Bəziləri özünü sübüt edib çalışırlar, bəziləri isə xaricə getməkdənsə, I Liqaya üz tuturlar. Bu isə o deməkdir ki, təkcə “Bizi Avropada istəmirlər” söhbəti deyil, eyni zamanda, bizim futbolçular Avropaya getməyə qorxurlar. Çünki orada ikiqat yox, beşqat işləmək lazım gələcək. Buna isə çoxu hazır deyil.

– Ümumilikdə, yığmamızın DÇ-2026-nın seçmə mərhələsini neçə xalla bitirəcəyini proqnozlaşdırırsınız?

– Proqnoz verməyi xoşlamıram. Millimizə uğurlar arzu edirəm. İnanıram ki, yığmamız öz potensialından yuxarı sayda xallar yığa biləcək. Açığı, komandamızın son oyunları göstərdi ki, potensialımız çox aşağıdır. Təbii ki, yığmamızın seçmə mərhələdə maksimum xal toplamasını istərdim. Amma hər şeyə real baxmaq lazımdır. Reallıq isə onu göstərir ki, millimiz 3-4 xal yığsa, böyük şeydir.

İdman.biz