Millinin üzvü: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"

Müsahibə
1 Sentyabr 2025 20:50
50
Millinin üzvü: "Azarkeşlərimizi sevindirməyə çalışacağıq"

Azərbaycan millisinin üzvü və "Zirə"nin kapitanı Qismət Alıyevin Offsideplus.az-a müsahibəsi

- "Zirə" xallarının sayını 7-yə çatdıraraq lider oldu. "Kəpəz"ə qarşı oyunu necə dəyərləndirərdiniz?

- Oyun olaraq bilirdik ki, "Kəpəz" 2 oyun idi ki, məğlub durumda idi. Onların bu oyunda qələbə qazanmağı komandanın geridönüşü ola bilərdi. Bizi çətin oyun gözlədiyini bilirdik. Vacib, önəmli qələbə qazandıq. Hesabın 5:0 bitməsinə baxmayaraq, oyunda "Kəpəz" üstümüzə pressinqlə gəlirdi. Sonda qələbə qazanaraq 3 xalı götürə bildik.

- Cərimə zərbəsindən vurduğunuz qolla milli komandaya yollanırsınız...

- Bizdə cərimə zərbəsindən o formada qol vuran futbolçular var. Əvvəlki oyunda da eyni qolu Junior vurmuşdu. İkimiz topa yaxınlaşdıq, lakin dedi ki, sən vurarsan. Mənim üçün daha vacibi həmin qolun komandaya qələbə qazandırmasıdır.

- Azərbaycan milli komandası DÇ-2026-nın seçmə mərhələsi üzrə oyunlara çıxacaq. Fikirləriniz nədir?

- Qarşıdan İslandiya və Ukraynaya qarşı oyunlar gəlir. Hər iki komandanın heyətində top-5 liqada oynayan futbolçular çoxdur. İslandiya son illərdə inkişaf etmiş bir milli komandadır. Ukrayna barədə danışmağa ehtiyac yoxdur, son Avropa çempionatında iştirak ediblər. Qarşıdan gələn 2 oyunda komanda şəklində maksimum döyüşüb, nə lazımdırsa onu etməyə çalışıb, azarkeşlərimizi sevindirməyə çalışacağıq.

İdman.biz