Cənubi Amerikada CONMEBOL Sudamericana kubokunun 1/8 final mərhələsinin “İndependyente” - “Universidad de Çili” cavab oyunu (1:1) tribunalarda baş verən kütləvi iğtişaşlar səbəbindən dayandırılıb.
İdman.biz xəbər verir ki, Argentinadakı matçın birinci hissəsində komandalar qarşılıqlı qollarla yadda qalıb.
Fasilə zamanı stadiondakı vəziyyət qəfil gərginləşib. “İndependyente”nin təxminən 100 nəfər azarkeşi qonaq komandanın sektoruna hücum edib. Cavab olaraq çilili fanatlar onlara oturacaq, butulka, fişəng və kirəmit qırıntıları atmağa başlayıblar. Nəticədə tribunalarda genişmiqyaslı dava baş verib və bu, stadionun müxtəlif hissələrində “Universidad” azarkeşlərinə qarşı təqibə çevrilib.
Sosial şəbəkələrdə yayılan videolardan birində iki argentinalı azarkeşin 14 yaşlı “Universidad” tərəfdarını metal çubuqlarla döydüyü görünür.
Polis vəziyyətə nəzarət etməyə çalışsa da, onların müdaxiləsi ciddi nəticə verməyib. Oyunun baş hakimi Qustavo Texeyra 62-ci dəqiqədə matçı dayandırmaq və komandaları meydandan çıxarmaq qərarı verib.
Baş verən iğtişaşlar nəticəsində 3 nəfər ölüb, təxminən 10 azarkeş isə xəstəxanaya yerləşdirilib. Çilili fanatlardan biri ağır vəziyyətdədir: o, aqressiv “İndependyente” azarkeşlərindən qaçmaq istəyərkən tribunada hündürlükdən yıxılıb. Oyundan sonra polis “Universidad de Çili”nin 300-dən çox azarkeşini saxlayıb.
Yaxın vaxtlarda CONMEBOL-un İntizam Komitəsi matç zamanı baş verən hadisələrlə bağlı qərar verəcək və klublara qarşı sanksiyaları müəyyən edəcək. Matç dayandırılan anda iki oyunun nəticəsinə görə “Universidad de Çili” “İndependyente”yə qarşı dueldə 2:1 hesabı ilə öndə idi.
İdman.biz