“Qəbələ”nin yeni transferlərindən olan fransalı hücumçu İbrahim Sanqarenin Futbolinfo.az-a müsahibəsi
– “Qəbələ”yə keçidiniz necə alındı? Başqa təklifləriniz də var idi? Nəyə görə “Qəbələ” variantını üstün tutdunuz?
– Transfer danışıqları yaxşı keçdi. Başqa variantlarım da var idi, amma “Qəbələ” iddialı bir layihə təklif etdi və bu, qısa zamanda məni razı saldı. Ona görə də hazırda “Qəbələ”dəyəm.
– Yeni klubunuzla bağlı ilkin təəssüratınız necədir? “Qəbələ”də sizi necə qarşıladılar?
– Çox yaxşı qarşılandım. Klub əla təşkil olunub və hər kəs mənimlə çox səmimi davranır. Burada ailə atmosferi var.
– Karyeranız ərzində Türkiyə klublarında da oynamısınız. Sizcə, bu məqam yeni komandanıza və Azərbaycan futboluna daha tez adaptasiya olmağınıza kömək edəcək?
– Əlbəttə. Türkiyə liqası tələbkardır və bu, mənə çempionata tez uyğunlaşmağı öyrətdi. Əminəm ki, karyeramın yeni mərhələsində də bu təcrübənin faydası olacaq.
– “Qəbələ” 1 illik fasilədən sonra Azərbaycan Premyer Liqasına qayıtdı və bir daha aşağı liqaya düşmək istəmir. Sizcə, yeni mövsümdə komandanız uğurlu performans göstərə biləcək?
– Bəli, komanda motivasiyalıdır və hər kəs məşqlərdə çox çalışır. Əgər birlikdə oynamağa davam etsək, uğurlu mövsüm keçirə bilərik.
– “Qəbələ”nin heyətində bir mövsüm ərzində neçə qol vurmağı qarşınıza məqsəd qoymusunuz? Rəqib müdafiəçilər üçün qorxulu hücumçu ola biləcəksiniz?
– Konkret bir say deyə bilmərəm. Amma istəyirəm ki, təhlükəli hücumçu olum və “Qəbələ”yə qələbələr qazandırım.
– “Qəbələ”yə keçənə qədər Azərbaycan çempionatında çıxış edən futbolçulardan kimləri tanıyırdınız?
– Tanıdığım oyunçu bu yay “Şamaxı”dan “Zirə”yə keçən Brahim Konate idi. O, mənim dostum, qardaşımdır.
İdman.biz