"Hər iki komanda üçün çətin, amma bir o qədər də maraqlı qarşılaşmalar olacaq".
İdman.biz xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə "Qarabağ"da çıxış etmiş Şimali makedoniyalı veteran futbolçu Muarem Muarem sabiq komandasının UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ölkəsinin “Şkendiya” klubu ilə keçirəcəyi oyunlarla bağlı danışarkən deyib.
Müxtəlif illərdə iki dəfə Ağdam təmsilçisinin formasını geyinmiş keçmiş yarımmüdafiəçi şansların bərabər olduğunu söyləyib: “Çünki “Şkendiya” ötən gecə Rumıniyanın FCSB klubu üzərində inamlı qələbə qazandı və bununla da nə qədər iddialı, eyni zamanda hazırlıqlı kollektiv olduğunu göstərdi. Komanda daxilində bir-birilərini uzun illərdir tanıyan və birlikdə çıxış edən futbolçular var. “Şkendiya” topla oynamağı sevən, rəqibə ciddi çətinlik yarada bilən və çox keyfiyyətli futbolçulardan ibarət komandadır”.
Muarem bu amillərə baxmayaraq, Azərbaycan çempionunun cütün favoriti olduğunu vurğulayıb: "Lakin futbolda hər şey mümkündür. Matçların gedişatında sürprizlə qarşılaşa bilərik. Bəzi şeylər düşündüyümüzdən fərqli cərəyan edə bilər. Ona görə də hər iki komandanın növbəti mərhələyə yüksəlmək şansı var”.
Qeyd edək ki, komandalar arasında avqustun 5-də Skopyedə təşkil olunacaq ilk görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Cavab qarşılaşması isə bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
İdman.biz