“Rəqibin oyununu hələ analiz etməmişik, amma qarşılaşma öncəsi yaxşı məlumatlar əldə edəcəyik. Düşünürəm ki, bizə çətinlik yarada bilərlər, lakin öz gücümüzə inanırıq”.
İdman.biz xəbər verir ki, bu sözləri “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev Futbolinfo.az-a açıqlamasında “Şelburn”lə oyun haqda danışarkən deyib.
24 yaşlı futbolçu Avstriyada baş tutan təlim-məşq toplanışını da dəyərləndirib: “Toplanışdan yeni qayıtmışıq. Komandanın ümumi vəziyyətini müsbət qiymətləndirirəm. Hər şey əla keçdi, hamı özünü yaxşı hiss edir. Şəxsi performansımı da müsbət saymaq olar. Üzərimdə daim çalışıram. Toplanış dövründə həm fiziki, həm də texniki baxımdan inkişaf etməyə çalışdım. Ümid edirəm ki, bunun faydasını qarşıdakı oyunlarda görəcəyik”.
Cəfərquliyev qarşıdan gələn Çempionlar Liqası oyunları ilə bağlı da fikirlərini bölüşüb: “Bu turnirdə mümkün olan ən yaxşı nəticə nədirsə, onu əldə etməyə çalışacağıq. Bütün gücümüzü ortaya qoyacağıq”.
Futbolçu şəxsi hədəflərindən də söz açıb: “Əsas məqsədim komandama faydalı olmaq, əlimdən gələni etmək və daha da güclənməkdir”.
Elvin yeni transferlərə də toxunub: “İnanıram ki, yeni gələn futbolçular bizə güc qatacaq. Onlar komandaya tez uyğunlaşıblar və qısa zamanda oyun üslubumuzu mənimsəyə biliblər”.
İdman.biz