Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Kubokunun final matçını çempionatın sonuncu turlarından əvvəl keçirməyi qarşısına məqsəd qoyub.
İdman.biz xəbər verir ki, bunu "Report"a PFL-in Media və marketinq direktoru Sənan Abdullayev deyib.
O, bununla bağlı planlar cızdıqlarını söyləyib: "Azərbaycan Kubokunun qalibinin Premyer Liqanın çempionundan daha tez müəyyənləşdirilməsi, başqa sözlə, final matçının erkən keçirilməsi barədə son mövsümdə də düşünmüşdük. Müəyyən məqamları təhlil etdikdən sonra bunu təxirə saldıq. Növbəti mövsümdən bununla bağlı müəyyən fikirlərimiz var, üzərində çalışırıq. Yəni, biz Azərbaycan Kubokunun final oyununu çempionatın sonuncu turlarından əvvəl keçirməyi qarşımıza məqsəd qoymuşuq və bununla bağlı planlar cızırıq. Sadəcə, o zaman komandalar 3 gündən bir oynamağa hazır olmalıdır".
PFL rəsmisi Avropanın bir çox ölkələrində kubokda mübarizənin çempionatdan əvvəl bitdiyini və final qarşılaşmasının da həftəiçinə təsadüf etdiyini vurğulayıb: "Biz yalnız finalçıları deyil, digər 10 komandanı da düşünməliyik. Oyun və istirahət balansları digər komandaların qrafikində də nəzərə alınmalıdır. Sadəcə, həmin ərəfədə finalçılar sıx qrafikdə oynayacaqlar ki, bu da normaldır. Böyük ehtimalla, növbəti mövsüm kubokun final qarşılaşması sonuncu turlardan əvvəl keçiriləcək. Həmçinin mövsümdən sonra futbolçuların da, komandaların da istirahət etmələrini, millinin düşərgələrinə çağırılan oyunçuların, daha sonra avrokubok oyunlarına gedəcək komandaların təlim-məşq toplanışlarını da nəzərə almaq lazımdır".
Abdullayev 12 komandalı və üç dövrəli Premyer Liqada yaranacaq fasilələrdən də danışıb: "Fasilə ilə bağlı daha detallı iyulun 18-də püşkatma mərasimində məlumat veriləcək. Ümumilikdə isə çempionatın qismən gec - avqustun 15-də başlaması artıq hazırlıq və ya istirahət imkanının çox olması deməkdir. Qış fasiləsində də klubların az da olsa, daha çox istirahət və ya hazırlıq imkanı olacaq".
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında yeni mövsümün püşkü iyulun 18-də atılacaq.
İdman.biz