Azərbaycan milli komandasının sabiq futbolçusu Namiq Ələskərov karyerasınıTürkiyədə davam etdirə bilər.
İdman.biz xəbər verir ki, bu barədə Teleqraf-a hücuməçunun meneceri Vaqif Heydərli məlumat verib.
O, bildirib ki, bir müddət öncə “Sabah”dan ayrılan 30 yaşlı yarımmüdafiəçiyə rəsmi təklif göndərilib: “Namikin xaricə getmək variantı istisna deyil. Türkiyə I Liqasından ciddi təklif alıb. Ad açıqlamasam da, danışıq apardığımız klub var”.
Meneceri Ələskərovun “Neftçi”dən təklif almasını isə nə təkzib, nə də təsdiq edib: “Nəinki “Neftçi”nin, heç bir klubun adı çəkməyəcəyəm. Hələlik danışıq apardığımız bir neçə klub var. Onlara baxırıq. Yəqin, tezliklə dəqiqləşər”.
Heydərli yığmanın sabiq üzvünün Masazır təmsilçisindən yolları niyə ayırmasına da aydınlıq gətirib: “Namiq “Sabah”la davam edə bilərdi. Amma mövcud vəziyyətə uyğun olaraq qərar verdi ki, davam etməsin. Onun üçün daha yaxşı variantı dəyərləndirəcəyik”.
Qeyd edək ki, Namiq Ələskərov 2022-ci ildə Türkiyənin “Bursaspor” klubundan “Sabah”a keçib. “Bakı”nın yetirməsi müxtəlif illərdə “Neftçi”, “Qarabağ”və “Kəpəz”də çıxış edib.
İdman.biz